Ramiz Zeynalov Rəşadət Babayevlə bacarmır?
Tarix: 8-07-2015, 10:36 |
Çap et
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayevin qanunsuzluqları davam edir. JAM.AZ-a müraicət edən sürücülərdən biri Rəşadət Babayevin qanunsuzluğu ilə üzləşdiyini bildirib.
Adının çəkilməsini istəməyən sürücü deyir ki, alay komandirinin göstərişi ilə heç bir əsas olmadan avtomobili saxlanılıb. O buna etiraz edərkən maşını cərimə meydançasına aparılıb. Rəşadət Babayevin oxşar əməlləri bundan əvvəl də olub. Məsələn bir müddət əvvəl məlumat yayılmışdı ki, Rəşadət Babayev sürücüyə qarşı xuliqanlıq edib. O, Babək prospektində heç bir səbəb olmadan paytaxt sakini Natiq Telman oğlu Əhmədovu vətəndaşların gözü qarşısında küçə söyüşləri ilə təhqir edib, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşın şəxsi avtomobilini müsadirə edərək cərimə meydançasına apartdırıb. Rəis müavini vətəndaşı sürüyərək çıxarıb və onun paltarını cırıb. Zərərçəkən Natiq Əhmədovun məsələ ilə bağlı ölkə prezidentinə müraciət edib.
Görünür Rəşadət Babayevlə bağlı hər hansı tədbir görülməməsi onun qanunsuz əməllərini davam etdirməyə həvəsləndirib. Başqa məlumatlarda isə deyilir ki, Rəşadət Babayev sürücülərin şəxsi əmlaklarını də ələ keçirir. “Məsələn tutaq ki, kimsə maşınına “fifa” siqnalı qoyub. Aydındır bu qanunsuzdur. Amma istənilən halda bu sürücünün şəxsi əmlakıdır. Həmin siqnal maşının üzərindən açılandan sonra özünə qaytarılmalıdır. Amma Rəşadət Babayev bele etmir. O siqnalları sürücüyə qaytarmır. Həmin siqnallar avtomobil hissələri satılan mağazalara göndərilir”,-deyə mənbə bildirib.
Yəqin ki, Daxili İşlər Naziri cənab Ramil Usubov, DİN Baş DYP İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov bütün bunlara qarşı tezliklə ciddi tədbirlər görəcəklər.