Razim Məmmədovun köhnə köşkə olan sirli məhəbbəti...
Tarix: 7-07-2015, 11:05 | Çap et
Razim Məmmədovun köhnə köşkə olan sirli məhəbbəti...
İcra başçılarının özbaşınalıqları ilə bağlı özünəməxsus ölkə çempionatı rəsmiləşdirilsəydi, Bakı şəhəri Xətai rayon icra aparatının rəhbəri Razim Məmmədovun adı bəlkə də "turnir cədvəlinin" ilk pillələrində yer alardı. Bu fikri söyləməyə əsas verən məqamlar o qədərdir ki, sadalamaqla bitməz. Xətai rayonunda başçının geniş meydan verdiyi mənzil tikintisi biznesi onun yaxın çevrəsinə aid edilən şirkətlərin ixtiyarına verilib.

İlk baxışdan normal hesab edilə biləcək tikinti bumu isə sadə rayon vətəndaşlarının şahid olduğu gerçək ağac qırğınları ilə müşayiət olunur. Bir vaxtlar milli liderimiz Heydər Əliyevin bilavasitə şəxsi iştirakı ilə salınan yaşıllıqlardan bu gün demək olar ki, əsər-əlamət qalmayıb. Ən dəhşətlisi ondadır ki, Razim Məmmədov sanki heç nə baş verməyibmiş kimi, öz "yaşıl soyqırım"ı əndazələrini davam etdirməkdədir. Bu əndazələrin bir gün həm Razim Məmmədovun, həm də Bakı Şəhər İcra Hakimiyyəti rəhbərliyinin kreslosunu tərpədəciyini düşünmək də sadəlövhlükdür. Görünür, icra başçısının dayaqları bəzi yüksək rütbəli məmurların uzun illər ərazində qoruyaraq bəslədiyi daha dərin köklərə bağlanır. Hər halda, dövlət məmurundan daha çox biznesmenə bənzəyən başçının öz tamahının qurbanına çevriləcəyi zaman heç də uzaqda deyil. Buna əsas verən amillərin "qara siyahısı" günbəgün yeni-yeni biabırçılıqlarla "zənginləşir". Söhbətimiz də elə belə babırçılıqlardan biri barədədir. Rayon ərazisində, Əhmədli metrosunun çıxışında ilk baxışdan diqqəti bir o qədər də cəlb etməyən "Tunar" ticarət köşkü fəaliyyət göstərir. Metronun düz mühafizə zolağında yerləşən bu köşk deyilənə görə, bir vaxtlar şirniyyat dükanı olub. Sonradan gediş-gəlişin sıx olduğunu görən işbazlar köşkü xırda ticarət obyektinə çeviriblər. Maraqlıdır ki, "Tunar"a sahiblikdə məhz Xətainin icra başçısı Razim Məmmədovun adı hallanır. Əldə etdiyimiz məlumata görə, buranı işlədən qardaşlar heç bir qanun saymırlar.Ticarət köşkünün vergi orqanlarında qeydiyyata alınmadığı da bildirilir. Köşkdə satılan bəzi məhsulların üzərində aksiz markaları yoxdur. Ərzaq və digər ən vacib istehlak məhsullarının da dövlət standartlarına cavab vermədiyi qeyd olunur. Bu və ya digər aidiyyəti dövlət qurumlarının köşkə baş çəkən nümayəndələrinə isə arxayınlıqla məsləhət görülür ki, onları maraqlandıran məsələlərlə bağlı icra başçısı Razim Məmmədova şəxsən müraciət etsinlər. Bununla da problem çox sadə bir yolla "çözülür". "Tunar" ticarət köşkünü deyilənə görə iki qardaş işlədir. Əslən Cənub bölgəsindən olan qardaşların burada necə deyərlər min bir hoqqadan çıxdığı barədə bilsəniz nə qədər narazılıqlar var? Əsas narazılıq, bu qardaşların və demək olar ki, gün ərazində onlara kompanyonluq edən bəzi küçə uşaqlarının tərbiyəsizliklərindəndir. Belə ki, "Tunar"ın böyür-başına daraşmış bu şəxslərin əsas işi-gücü həm də metrodan çıxan qadın və qızlara söz atmaq, əxlaqsız təkliflər etmək, qıy-qışqırıq və dava-dalaş salmaqdır. Sizlərdən kimsə yazdıqlarımızın doğru olub-olmadığını araşdırmaq istəyirsə, zəhmət çəkib Əhmədli metrosunun necə deyərlər, lap "ağzının içində" yerləşən bu köşkə baş çəkməsi kifayətdir. Onsuz da "Tunar" ticarət köşkü sutka ərzində açıq olur. Normalda köşklərin iş rejimi axşam saat 23-24 radələri ilə məhdudlaşırsa, "Tunar" öz müştərilərinin qulluğunda səhərəcən hazırdır. Şahidlərin sözlərinə görə, bura baş çəkən "hoqqa"bazların "lomka"nı sındırmaq istəyinə adekvat qarşılıq verilir. Bir şərtlə ki, anonimlik və məxfilik şərtlərinə əməl edilsin. Köşkü işlədən qardaşlar bu səbəbdən müştəri sarıdan heç bir korluq çəkmir. Qeyd olunanları nəzərə alanda Razim Məmmədova məxsus olduğu deyilən bu ticarət köşkündə həqiqətən böyük pulların dövr etdiyinə şübhə yeri qalmır.Digər tərəfdən, "Toyota-Prado" və "Toyota-Corolla" avtomobillərində gəzən cənublu qardaşlar vaxtaşırı cürbəcür "inomarkalar" dəyişir. Necə, nəyin hesabına dəyişir, bunları araşdırmaq bizim işimiz deyil. Zəhmət çəkib qoy köşkün ətrafında xidmət aparan polis əməkdaşları araşdırsınlar. Biz isə sadəcə onu deməklə kifayətlənirik ki, köşkü işlədən qardaşları vaxtaşırı Astara gömrükxanasının həndəvərində görmək olar. Bunun nə demək olduğunu yəqin ki, bilirsiniz. Onu da bilirsiniz ki, ölkəyə daşınan narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı dövlət səviyyəsində mübarizə proqramı qəbul edilib. Hər bir vətəndaşımızın borcu da bu mübarizədə aktiv olmaqdan ibarətdir.

Məlumat üçün onu da bildirək ki, xarici görkəminə görə artıq xeyli köhnəlmiş və şəhərin arxitekturasına heç cür uyuşmayan "Tunar" ticarət köşkünün yığışdırılması barədə dəfələrlə verilmiş qərarlar icrasız qalıb. Bu isə konkret olaraq Xətainin icra başçısı Razim Məmmədovun sayəsində mümkün olub. Vaxtını bitirmiş, köhnə bir köşkə icra başçısını bağlayan xatirələr də ilginc görünür. "Tunar"ın "vid-fasonunu" heç olmasa yeniləmək təkliflərinə Razim Məmmədovdan gələn cavab deyilənə görə, çox qısa və lakonik olub. Başçı söyləyib ki, qaynar gəncliyimin dilsiz şahidi olan bu köşklə bağlı ən xoş xatirələrimi yaddaşımdan silə bimərəm. Nədənsə belə həssaslıq Razim müəllimin ağac qətliamı verdiktlərində özünü bir dəfə də olsun büruzə verməyib. Görürsünüzmü, xüsusi mülkiyyət sevgisi icra başçısını necə məşğul edir? İctimai əhəmiyyət kəsb edən məsələlər, o cümlədən, təbiətə qayğı hissi tam mənada itirilib. "Tunar" isə gəlir mənbəyi olmaqla yanaşı, həm də xatirələrin başçıya boy verdiyi kiçicik bir məkan kredosunu hələ də yerinə yetirməkdədir. Qanunsuz fəaliyyət göstərən "Tunar" ticarət köşkünə olan bu "platonik" məhəbbətin gerçək eybəcərliklərinin haçansa nəzmə çəkiləcəyinə inanırıq.
Gündəlik Bakı




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net