Tofiq Sadıqov acizliyini etiraf etdi
Tarix: 24-06-2015, 11:22 |
Çap et
Beyləqan rayon Məhkəməsinin sədr köməkçisi Yasin Əliyevin və onun anası, Beyləqan rayon 3 saylı orta məktəbin direktoru Xuraman Əliyevanın fəaliyyətlərində yer almış neqativ hallar barədə açıqlamalar redaksiyamıza daxil olmaqda davam edir. Bu açıqlamalarda diqqəti cəlb edən daha bir maraqlı məqam budur ki, rayonun iki mühüm sahəsində gah ardıcıl, gah da paralel cərəyan edən hadisələr, son nəticədə birbaşa aid olduqları şəxslərdən başqa artıq hamını narahat edə bilmişdir. Belə ki, ilkin olaraq məhz Yasin Əliyevin törətdiyi qanun pozuntuları nədəniylə mətbuatın gündəminə çıxmış bu mövzu, artıq bir neçə müddətdir ki, Beyləqanın təhsil sahəsində də müəyyən gərginliklərə yol açmışdır. Hətta iddialara görə, Beyləqan RTŞ-nin rəhbərliyi vəziyyətə nəzarət imkanlarına malik olmadığını da inkar etmir. Belə ki,bütün bu və digər faktlar redaksiyamıza təqdim olunmuş növbəti açıqlamalarda öz əksini tapmışdır. Yeni aldığımız məlumatlarda isə, ilk növbərə Xuraman müəllimənin rəhbərlik etdiyi məktəbdə ibtidai sinif müəlliməsi kimi də fəaliyyət göstərdiyi vurğulanır. Amma təbii ki, bu fəaliyyət digərlərindən fərqlənir. Belə ki, mənbənin iddiasına görə hər ay, vaxtı-vaxtında ibtidai sinif müəlliməsi üçün nəzərdə tutulmuş əmək haqqını alan Xuraman xanım, bunun müqabilində birinci iniflərə dərs deməyi öz “ləyaqətinə sığışdırmır”. Buna görə də həmin dərsləri faktiki olaraq məktəbin digər məüllimələri keçirməli olurlar. Amma direktordan fərqli olaraq, Xuraman xanımın qardaşı və təsərrüfat işləri üzrə müavini Şahin Rüstəmov nəinki, öz vəzifə borclarını başqalarının üzərinə qoymur, əksinə o, hətta digərlərinin də işini sevə-sevə görür. Bu xüsusda mənbə xəbər verir ki, bu gün 3 saylı məktəbin qazanxanasında bir ştat vahidi mövcuddur və bu vəzifədə bir nəfərin adı qeyd olunub. Lakin həmin şəxs ümumiyyətlə işə çıxmır. Onun vəzifələrini isə məhz Şahin Rüstəmov həyata keçirir. Təbii ki, həmin ştat vahidinə yazılan əmək haqqını da Şahin müəllim, eynən gördüyü iş kimi, yəni sevə-sevə, yenə də özü alır. Əvvəllər məktəb bufetini işlədən Güllü xanımın isə bu cəhətdən bəxti daha çox gətirib. Belə ki, aldığımız açıqlamaya görə, Xuraman xanımın bufeti kiçik oğluna “devr” edərkən, Güllü xanımın adını məktəbdə xadimə ştatına yazdırıb. İndi isə keçmiş bufetçi, ayda 1 və ya 2 dəfə gəlib məktəbin idman zalını təmizləməklə, hər ay aldığı xadimə məvacibinin halallığını ödəmiş olur. Daha sonra məlumatlarda qeyd edilir ki, bu yaxınlarda Beyləqan rayon 3 saylı orta məktəbin bir qrup müəlliməsi Xuraman xanımın davamlı olaraq yol verdiyi özbaşınalıqlar səbəbindən RTŞ-yə şikayət etmişlər. Lakin şöbənin müdiri Tofiq Sadıqov buna cavab olaraq bildirmişdir ki, (bəzi mənbələr bunu etiraf kimi də dəyərləndirirlər) o, Xuraman xanıma “bata bilmir” və yaxşı olar ki, müəllimələr öz şikayətlərini Rayon İcra Hakimiyyətinə təqdim etsinlər. Başqa sözlə desək, RTŞ müdirinin özbaşınalıqlara yol vermiş məktəb direktoruna qarşı hər hansı bir tədbir görmək qədər səlahiyyəti yoxdur. Bundan sonra şikayətçilər həqiqətən də RİH-nə üz tuturlar. Lakin burada da onları qəbul edən olmur. Həmkarlarının cəhdlərindən xəbər tutan Xuraman xanım isə, deyilənə görə, bütün bu baş verənləri sakit bir istehza, arxayın bir kinayə ilə müşahidə edir. Mənbələr bildirirlər ki, 3 saylı məktəbin direktoru hətta müəllimələrin Beyləqan RİH-nin başçısı Vaqif Abdullayev tərəfindən qəbul edilməmələrinin səbəbini də öz təbirincə izah etmişdir. Bu xüsusda Xuraman xanım bildirmişdir ki, başçı sadəcə olaraq Tofiq Sadıqovun şikayətçilərə verdiyi cavabı yenidən təkrarlamağı özünə sığışdırmayıb...