"SOCAR Petroleum"un 2 saylı terminalının müdiri kimin himayəsindədir?
Tarix: 18-06-2015, 11:40 | Çap et
"SOCAR Petroleum"un 2 saylı terminalının müdiri kimin himayəsindədir?
Bu gün ölkə ərazisində neft məhsullarının alqı-satqısını təşkil edən "SOCAR Petroleum" QSC-nin ayrı-ayrı şəhər və rayonlarda fəaliyyət göstərən terminallarında bəzi neqativ hallara yol verilir. Misal kimi, Rahib Həşimovun müdiri olduğu Şirvan şəhərinin Çılpaqlı qəsəbəsində yerləşən 2 saylı terminalını göstərmək olar. Bu barədə redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, terminal müdirinin nöqsanlı fəaliyyəti nəticəsində Şirvan şəhər sakinləri ciddi problemlərlə üz-üzə qalıblar.

Beləliklə, Rahib Həşimovun vəzifəsini layiqincə icra edə bilmədiyini, onun terminaldakı işlərini yaxın qohumlarının həyata keçirdiyini deyən mənbə iddia edir ki, "SOCAR Petroleum" QSC-nin Şirvan şəhərinin Çılpaqlı qəsəbəsində yerləşən 2 saylı terminalı yanacaq məhsullarının daşınması və vaqonlardan maşınlara boşaldılması zamanı müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmir: "Belə ki, yanacaq maşınları fərdi yaşayış evlərinin bir neçə metrliyində dayanır və vaqonlardan həmin maşınlara yanacaq boşaldılır. Bu isə hər an böyük faciəyə səbəb ola biləcək hadisənin baş verməsi ilə nəticələnə bilər. Onu da əlavə edim ki, 2 saylı terminala işləyən dəmir yolu xətti xeyli müddətdir ki, sıradan çıxıb. Rahib Həşimov isə dəmir yolu relslərini bir-birinə armatur vasitəsi ilə qaynaq etdirib. Ən acınacaqlı hal isə ondadır ki, neft və neft məhsullarının daşındığı terminalda müvafiq yol nişanları yoxdur. Yəni vaqonların nə zaman gələcəyi bilinmir. Bu arada, deyilənlərə görə, Rahib Həşimov tonlarla yanacağı kağız üzərində silərək qeyri-qanuni gəlir əldə edir. Belə olmasaydı, o, vaxtilə yanacaq oğurluğuna görə işdən qovulan İxtiyar adlı sürücünü öz yanında işə qəbul etməzdi. İxtiyar bu işləri "yaxşı" bacardığından müdir ona himayədarlıq göstərir".

"SOCAR Petroleum" QSC-nin 2 saylı terminalının rəhbərliyinin əmək məcəlləsinə riayət etmədiyini, sözügedən qanunun tələblərini kobud surətdə pozduğunu vurğulayan məlumatlı şəxsin bildirdiyinə görə, hazırda Rahib Həşimovun müdiri olduğu müəssisədə çalışanların bir qisminin əmək müqaviləsi, sosial sığorta kartı yoxdur: "Əgər müvafiq qurumlar Şirvan şəhərinin Çılpaqlı qəsəbəsində yerləşən 2 saylı terminalda obyektiv və geniş miqyaslı araşdırma aparsalar, o zaman məlum olacaq ki, Rahib Həşimov əmək məcəlləsinə barmaqarası baxdığından işçilərin bir qismi ilə əmək müqaviləsi bağlamayıb. Həmçinin o da bəlli olacaq ki, bu gün terminalda çalışanların bir qismi əcnəbi ölkələrin, əsasən də qonşu Rusiyanın vətəndaşlarıdır. Təbii, onların da əmək müqaviləsi olmamaqla yanaşı, Azərbaycanda yaşamaq və işləmək üçün Dövlət Miqrasiya Xidmətindən müvafiq icazələri yoxdur. Əgər satış şöbəsindəki çalışanlarla bağlı yoxlama aparılsa, bu və digər bir sıra önəmli məqamlara aydınlıq gətirilə bilər".

Rahim Həşimovun müxtəlif yollara baş vuraraq vergidən yayınma hallarına yol verdiyini qeyd edən mənbə iddia edir ki, nədənsə terminal rəhbəri "SOCAR Petroleum" QSC-nin baş direktoru Toğrul Seyidova tabe olmaqda maraqlı görünmür: "Rahib Həşimov bir sıra məclislərdə bəyan edib ki, o, yaxın vaxtlarda QSC-nin başına gətiriləcək. Məhz elə buna görə də indidən Toğrul Seyidova güc nümayiş etdirməkdən çəkinmir. Görünür, terminal rəhbəri Dövlət Neft Şirkətindəki (ARDNŞ) himayədarına güvəndiyindən "Burda mən, Bağdadda kor xəlifə" prinsipi ilə fəaliyyət göstərir". Bu arada, Rahib Həşimovun Dövlət Neft Şirkətindəki himayədarının vitse-prezidentlərdən biri olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, artıq "SOCAR" rəhbərliyi 2 saylı terminalda olub-bitənlərdən xəbərdardır. Bu isə o deməkdir ki, tezliklə Rahib Həşimov tutduğu vəzifədən kənarlaşdırıla bilər… Gündəlik Bakı

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

(Ardı var)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net