Bu işçisi heç də Səlim Müslümovun üzünü güldürmür...
Tarix: 16-06-2015, 11:47 | Çap et
Bu işçisi heç də Səlim Müslümovun üzünü güldürmür...
Məlum olduğu kimi, bu gün əsaslı islahatlara böyük ehtiyac duyulan sahələrdən biri də məhz əhalinin sosial müdafiəsi ilə bağlıdır. Xüsusilə son vaxtlar bölgələrdə fəaliyyət göstərən bəzi Tibbi-Sosial Ekspert Komissiyalarının yarıtmaz fəaliyyəti və bu qurumların xidmətlərindən istifadə edən əlil və xəstə vətəndaşların narazılıqları ictimaiyyətin, o cümlədən kütləvi informasiya vasitələrinin diqqətini getdikcə daha çox cəlb edir. Bu mövzuda vətəndaşların aidiyyatı olan qurumlara ünvanladıqları çoxsaylı şikayət ərizələrində TSEK rəhbərlərinin törətdikləri müxtəlif özbaşınalıqlara və ciddi qanun pozuntularına, yol verilən çeşidli korrupsiya hallarına dair ətraflı məlumatlar təqdim olunur. O cümlədən 37 saylı Tibbi Sosial-Ekspert Komissiyasının fəaliyyətinə dair aldığımız məlumatlarda da bildirirlir ki, bu müəssisədə hədsiz özbaşınalıqlar hökm sürür.

Vertikal.az xəbər verir ki, 37 saylı TSEK-də vətəndaşların əlillik dərəcəsi alması üçün xüsusi “tariflər cədvəli” təyin olunub və elə bunun nəticəsidir ki, bu regionda saxta əlillik dərəcələrinin sayı durmadan artır. Bildirilir ki, 37 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən vətəndaşlara əsassız olaraq əlillik dərəcələrinin verilməsinə dair konkret faktlar mövcuddur. Ümumiyyətlə isə Beyləqan və Füzuli rayonları üzrə 37 saylı TSEK-in yarıtmaz fəaliyyəti mütəmadi olaraq bu rayonların sakinlərinin narazılıqlarını doğurmaqdadır. Səbəb isə budur ki, TSEK-in əməkdaşları bir çox hallarda əmək qabiliyyətini itirən şəxslər barəsində əlillik dərəcəsinin təyin edilməsində süründürməçiliyə yol verirlər. Hər dəfə bir bəhanə ilə əlillik dərəcəsi almaq istəyən şəxslərin tələbləri yerinə yetirilmir. Bunun müqabillində isə məlumatlarda 37 saylı TSEK-də vətəndaşlardan əlillik dərəcələrinin verilməsi üçün külli miqdarda rüşvət istənildiyi bildirilir. Qeyd olunur ki, I qrup əlillik dərəcəsi almaq üçün minimum 1500 manat, II qrup üçün 1000 manat, III qrup üçün isə 800 manat rüşvət tələb olunur. Həmçinin əlavə edilir ki, pulu olmayan və fiziki qüsurlu şəxslərin əlillik dərəcəsinin verilməsi prosesi həyata keçirilmir.Qeyd etmək istəyirik ki, sözügedən materialın dərcindən sonra Beyləqan və Füzuli rayonları üzrə 37 saylı Tibbi Sosial-Ekspert Komissiyasının sədri Leylan Nəsirova redaksiyamıza zəng edərək bizimlə əlaqə saxlamışdır. Əslində biz TSEK sədrindən hansısa açıqlamalar, bəlkə də irəli sürülən ittihamlara qarşı etirazlar gözləsək də, Leylan xanım dedikləri ilə bizi xeyli təəccübləndirdi. Belə ki, 37 saylı TSEK-in sədri ona qarşı irəli sürülən iradların heç birini inkar etməsə də, bunları az qala normal hal kimi təqdim etməyə çalışdı: “Axı hamını razı salmaq olmur. Gərək siz də bunu nəzərə alasınız...” Etiraf edək ki, bu bizim üçün bir qədər qəribə yanaşma tərzidir. Çünki indiyədək bizə elə gəlirdi ki, TSEK-in fəaliyyəti vətəndaşları razı salmaqdan deyil, onları obyektiv olaraq müayinədən keçirmək və dürüst nəticələr təqdim etməkdən ibarət olmalıdır. Bəlkə biz nəyi isə düzgün başa düşmürük? Hər halda Leylan xanımla olan söhbətimiz bizdə yalnız müəyyən çaşqınlıq yaratmış oldu...

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net