Rəşad Məmmədovla Hacıbala Abutalıbovun şok işbirliyi
Tarix: 3-06-2015, 10:58 | Çap et
Rəşad Məmmədovla Hacıbala Abutalıbovun şok işbirliyi
Məlum olduğu kimi, Dövlət Bayrağı Meydanı İdarəsinin keçmiş rəisi, "Azimport" tikinti şirkətinin sahibi Rəşad Məmmədov və qayını Azər Əsgərov bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəşad Məmmədov Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilib, qayını isə sərbəst buraxılıb. Qeyd edək ki, sabiq məmurun həbsinə qədər "Azimport" şirkəti ölkə ərazisində aparılan tikinti işlərində əsas payçılardan biri hesab olunurdu.

Lakin şirkətin sahibinin tutduğu vəzifədən azad edilməsi, üstəlik həbsə atılması vəziyyəti dəyişib. Hazırda sözügedən şirkətin gələcək fəaliyyəti sual altındadır. Düzdür, şirkətə faktiki rəhbərlik edən Azər Əsgərov azadlıqdadır, amma onun "krışası", daha doğrusu şirkətin əsl sahibi dörd divar arasındadır və onun yaxın zamanlarda azadlığa buraxılacağı elə də inandırıcı görünmür. Qısaca bildirmək istəyirik ki, "Azimport" MMC tikinti şirkəti bazarında 2004-cü ildən etibarən fəaliyyət göstərir. Bu illər ərzində hazırda həbsdə olan keçmiş məmurun əlaqələri MMC-nin tikinti layihələrində əsas podratçıya çevrilməsinə səbəb olub. Aparılan araşdırmalar göstərir ki, şirkət tərəfindən icra olunan tikinti layihələri zamanı böyük qanun pozuntularına yol verilir və əksər hallarda yaşıllıqlar məhv olunur. Xatırladaq ki, bir neçə ay əvvəl Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "V" yaşayış sahəsi, bina 2-nin sakinləri mətbuat vasitəsilə müvafiq instansiyalara müraciət edərək ağacların kəsilməsini bildirmişdilər: "Yol kənarlarında, harada obyekt tikmək olarsa, orada ağacları kəsib tikinti işləri aparırlar. Yeni Günəşlidə yaşayan istənilən şəxsdən soruşa bilərsiniz ki, bu qəsəbədə yolların kənarları əvvəl necə idi, indi necədir. Əvvəl ağaclar olan yerdə indi obyektlər ucalır. O ağacların çoxunu öz əllərimizlə əkmişik, böyütmüşük ki, həm qəsəbəmizə yaraşıq versin, həm də yayda kölgəsində oturaq, uşaqlarımız orada dincəlsinlər. Neçə illər ərzində böyük zəhmət hesabına əmələ gəlmiş bu ağacları kəsən işbaza irad tutursan, cavabı bu olur ki, Bakı Şəhər İcra Hakimiyyətinin böyüklərindən icazə, üstəlik, pulumu verib obyekt yeri almışam, əcəb edib kəsirəm. Sata-sata gedirlər. Yeni Günəşlidə bir qarış boş torpaq qalmayıb". Vətəndaşların etirazına baxmayaraq, sözügedən ərazidə yaşıllıqlar məhv edilib və yerində üçmərtəbəli ticarət obyekti tikilib. Dünən qəsəbə sakinlərinin çoxsaylı xahişini nəzərə alıb həmin əraziyə yollandıq. Tikinti işləri aparılan sahə Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin qarşısında yerləşir. Hansı ki, bölmənin rəhbərliyi, o cümlədən əməkdaşları qəsəbədə xırda neqativ hal olan kimi müdaxilə edirlər və qanun pozuntusuna imza atmış şəxsləri cəzalandırırlar. Adlarının açıqlanmamasını xahiş edən sakinlər əməkdaşımızla söhbətdə bildirib ki, ərazidəki yaşıllıqlar kəsilən zaman bölmənin rəhbər işçiləri heç bir müdaxilə etməyiblər: "İndi mən bir ağac kəssəm, dərhal cəzalandırarlar. Bölmənin rəisinin gözü qarşısında ağacları kəsib-doğradılar, amma səsini çıxarmadı. Görünür, onun payını çatdırıblar. Burda yüzlərlə ağac var idi. Vaxtında etirazımızı bildirdik, lazım olan yerlərə müraciət etdik. Təəssüf ki, heç bir xeyri olmadı. Bir neçə günün içində çoxillik ağacları kəsib yerində iaşə obyekti tikməyə başladılar. Gördüyünüz kimi, tikinti işlərinin böyük hissəsi görülüb. Səsimizi eşidən yoxdur. Tikintini aparan şəxslər bizə deyir ki, Hacıbala Abutalıbov icazə verib, siz kimsiniz etiraz edirsiniz". Tikintinin kim tərəfindən aparıldığını öyrənməyə çalışırıq. Elə bu dəm tikinti aparılan sahənin qarşısında quraşdırılan məlumat lövhəsi diqqətimizi çəkir. Lövhədəki məlumatlardan aydın oldu ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "V" yaşayış sahəsinin 2 saylı binanın arxa tərəfində inşa olunan qeyri-yaşayış sahəsinin sifarişçisi Kəngərli Elşən Kərim oğludur. Layihəçi isə "Azimport" MMC-dir. Tikintinin başlanma tarixi kimi 07.04.2015, qurtarma müddəti isə 07.05.2015 göstərilib. Yəni tikintinin bir aya başa çatdırılması planlaşdırılıb. Amma iyun ayının başlanmasına baxmayaraq, ərazidə hələ də tikinti işləri davam etdirilir. Maraqlı məqam ondan ibarətdir ki, məlumat lövhəsində Dövlət Ekspertizasının rəyi yazılan yer boş qalıb. Burdan belə başa düşmək olar ki, tikintiyə Fövqəladə Hallar Nazirliyi və digər əlaqədar orqanlar tərəfindən rəsmi icazə verilməyib. Çəkiliş apardığımızı görən şəxs bizə yaxınlaşıb gözətçi olduğunu bildirdi və mane olmağa çalışdı:

- Fotoaparatı yığışdırın. Şəkil çəkməyə icazə vermirəm. Elşən müəllim bilsə sizə də, mənə də problem olar. Gözətçidən Elşən müəllimin kim olduğunu soruşuruq:

- Elşən müəllim buranı tikdirən şəxsdir. Hər yerdə dostu-tanışı var, pulu da çoxdur. Hacıbala müəllimlə salam-sağol edən adamdır. Guya siz yazmaqla nə olacaq ki? Burda nə qədər ağac var idi, pulunu verdi, razılıq aldı və hamısını kəsdi. Yerdə qalan ağacların da dibinə beton töküb qurudublar. Məsləhət görürəm ki, ona ilişməyin, yoxsa başınız ağrıyar. Gözətçi bu sözləri deyəndən sonra onun üçün ayrılmış yerə keçdi. Bu an narazı sakinlərdən biri söhbətə müdaxilə etdi: "Görürsünüz də bunlar özlərindən nə qədər arxayındır. Belə yerdə deyiblər e oğru elə qışqırdı ki, doğrunun bağrı yarıldı. Əkdiyimiz gül kolları və ağaclar da ucdantutma məhv edilib. Bir neçə gündən sonra yay başlayacaq. Gedib harda istirahət edək? Bircə rahat yaşamaq imkanımız var idi, artıq onu da əlimizdən almağa başlayıblar. Deyirlər ki, tikintiyə Hacıbala müəllim sərəncam verib. Məgər şəhər meri bilmir ki, prezident ağacların kəsilməsinin və qanunsuz tikinti işlərinin aparılmasının əleyhinədir? Niyə belə özbaşına hərəkətlərə yol verirlər? Qəzet vasitəsilə cənab prezidentdən kömək istəyirik. Əgər qeyri-qanuni tikinti aparan şəxslərin qarşısı alınmasa, qəsəbədəki yaşıllıqlar bir-iki il ərzində tamamilə məhv ediləcək". Daha sonra öyrəndik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri tikinti işini aparan fiziki şəxsi ağacları kəsdiyinə görə 2400 manat məbləğində cərimələyib. Bundan başqa, həmin fiziki şəxsə nazirlik tərəfindən icrası məcburi olan göstəriş də verilib ki, ətraf ərazidə yaşıllıq və abadlıq işləri aparsın. Gördüyümüz mənzərələr isə bunu deməyə əsas verir ki, bu şəxs nazirliyin göstərişini yerinə yetirməyib və üstəlik yerdə qalan ağacları da məhv edir. Qeyd edək ki, belə işlərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun adının hallandırılması ilk hal deyil. Xatırladaq ki, bir neçə ay əvvəl analoji hadisə Xətai rayonunun ərazisində də qeydə alınmışdı. Belə ki, merin icazəsi ilə ağacların kəsilməsinə və yerində bina tikintisinə icazə verilmişdi. Ətrafda yaşayan sakinlərin kəskin etirazından sonra icra başçısı öz qərarını dəyişməyə məcbur olmuşdu. Hazırda eyni vəziyyət Suraxanı rayonunda yaşanır. Ümid edirik ki, bu yazıdan sonra əlaqədar dövlət qurumlarının nümayəndələri qeyd olunan əraziyə baş çəkəcək və ağacları qırıb yerində obyekt ucaldan Elşən Kəngərlini, eyni zamanda "Azimport" MMC-nin rəhbərliyini cəzalandıracaqlar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net