Mədəniyyət Nazirliyinin həbsdə olan sabiq vəzifəli şəxslərinin yenidən məhkəməsi başladı
Gəncə Apellyasiya Məhkəməsində Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsinin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi Azər Rəcəbov, həmin idarənin İnsan resursları şöbəsinin rəisi Ələkbər Əliyev və məsləhətçisi Seymur Səfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Vertikal.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası iyulun 7-nə təyin edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Rəcəbov 9 il 6 ay, Ələkbər Əliyev 3 il 6 ay azadlıqdan məhrum edilib. Seymur Səfərova isə şərti cəza verilib.
İttihama görə, Azər Rəcəbov digərləri ilə əlbir olaraq ümumilikdə 125 min manat dələduzluq və rüşvət alıb.
Seymur Səfərov barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilib.
Qeyd: Həmin şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində tərəfindən saxlanılıb.
Aparılan əməliyyat-istintaq tədbirləri ilə Şəmkir Regional Mədəniyyət İdarəsinin sabiq rəisi Azər Rəcəbovun həmin idarənin İnsan resursları şöbəsinin keçmiş rəisi Ələkbər Əliyev və məsləhətçisi olmuş Seymur Səfərov ilə qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi himayədarlıq, yəni ayrı-ayrı şəxslərdən vəzifəyə təyin edilmələri, vəzifədə qalmaqla fəaliyyətini davam etdirmələri, eləcə də idarənin balansında olan klubların ixtisar edilməməsi müqabilində 2021-ci ilin dekabr ayından başlamaqla ayrı-ayrı şəxslərdən 102 min manat məbləğində pul vəsaitini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Azər Rəcəbov, Ələkbər Əliyev və Seymur Səfərova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.