Daxili İşlər Nazirliyi “Gürcüstan Bankı”nın Kutaisi filialında girov götürülənlərlə bağlı məlumat yayıb.
APA-nın yerli bürosu xəbər verir ki, qurumun məlumatında bankda hələ də 12 nəfərin girov saxlanıldığı bildirilir.
Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onların tez və təhlükəsiz azad olunması istiqamətində bütün zəruri tədbirləri həyata keçirirlər.
Kutaisidə banka silahlı basqın edən şəxs girovların azadlığa buraxılması müqabilində 2 milyon dollar tələb edir.
APA-nın Gürcüstan bürosu yerli mətbuata istinadən xəbər verir ki, bu barədə yerli mediaya ötürülən videoda bildirilir. Yayılan görüntülərdə basqını törədən şəxsin üzərində partlayıcı olduğu ehtimal edilən qurğu görünür.
Yerli KİV girovlardan ikisinin azad edildiyini bildirir.
Gürcüstanın Kutaisi şəhərində silahlı şəxs Gürcüstan Bankı-nın filialına daxil olaraq bir neçə nəfəri girov götürüb.
APA-nın yerli bürosu xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Hadisə şahidlərinin “Mtavari Arxi” telekanalına verdiyi məlumata görə basqını törədən maskalı şəxsin banka daxil olmasından sonra atəş səsi eşidilib. Bank filialının içərisində işçilər də daxil olmaqla, 10-a yaxın adamın olduğu bildirilib.
Bildirilib ki, hadisə ilə əlaqədar polis xüsusi əməliyyata başlayıb, bank mühasirəyə alınıb və ətrafında hərəkət məhdudlaşdırılıb.
Nazirlik vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.