Yevlaxda polis əməkdaşlarının olduğu xidməti maşın Kür çayına düşüb, 1 polis həlak olub
Bu gün səhər 06:30 radələrində içərisində 4 nəfər Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olan "Fiat" markalı xidməti avtomobil Kür çayına aşıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, hadisə nəticəsində polis serjantı Kamran Məmmədov həlak olub.
Meyitin çaydan tapılaraq çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Avtomobildə olan digər polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhəri ərazisində içərisində 1 nəfərin olduğu "Fiat" markalı minik avtomobilinin Kür çayına düşməsi barədə məlumat daxil olub.
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.