Vətəndaşlar Ü.Əsədova, K.İsmayılova və E.Eynullayev Daxili İşlər Nazirliyinə müraciət edərək Bakı şəhər sakini Fərid Abdinovun onlara müxtəlif vədlər verərək etibarlarından sui-istifadə etməklə külli miqdarda pul vəsaitlərini ələ keçirdiyini bildiriblər.
DİN-in mətbuat ximətindən APA-ya verilən xəbərə görə, vətəndaşların şikayətləri araşdırılıb və onların Fərid Abdinov barədə qeyd etdikləri qanunsuz əməllər təsdiqini tapıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, Fərid Abdinova ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaqla müəyyən edilib ki, Fərid Abdinov dələduzluq yolu ilə zərərçəkənlərin ümumilikdə 178 min manat pulunu ələ keçirib.
Fərid Abdinovun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, ərazi polis orqanlarına və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.