Tağı Əhmədovdan sələmə 2 milyon manat aldığını deyən şəxsin həyat yoldaşı məhkəmədə ifadə verib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan Qulu Muxtarov və Sahil Abuşovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə bu iş üzrə təqsirləndirilən, məhkəmənin hökmü ilə 9 il azadlıqdan məhrum edilmiş Səadət Xəlilovun həyat yoldaşı Aidə Xəlilova ifadə verib.
O bildirib ki, həyat yoldaşının hansı işlərlə məşğul olduğundan xəbəri olmayıb: "Mən Səadətlə işləri barəsində danışmamışam. Sadəcə, bilirdim ki, bizneslə məşğuldur. Qazaxıstandan mərmər və qranit gətizdirib, burada satırdı. Yalnız bir şeyi bilirdim ki, Səadət Tağı Əhmədovdan 2 milyon faizə pul almışdı. Təxminən bir ilə yaxın faiz ödəmişdi. Lakin sonradan işləri pis oldu, faizi verə bilmədi. Bir müddət sonra da həbs edildi".
Şahid vəkillərin sualları cavablandıran zaman bildirib ki, 2015-ci ildə "Sky hotel"i tikib başa çatdırdıqları oteli kredit alaraq tikdirib:
"Ərimin biznesi ilə mənim biznesim ayrı olub. Onun Tağı Əhmədovdan aldığı pulu hara xərclənməsindən xəbərim yoxdur. Mən hoteli tikəndə 5 milyon kredit almışam. 2016-cı ilə qədər bütün işlər bitmişdi. 2017-ci il rəsmi açılış olub. 2016-cı ildə bütün işlər tamamlanmışdı, təkcə lisenziya alınması məsələsi qalmışdı. 2017-ci ilin əvvəlində lisenziya alındı və açılış oldu. Ərim isə Tağı Əhmədovdan pulu 2017-ci axırlarında alıb".
Hakim şahidin istintaqa verdiyi ifadəni elan edilib.
Aidə Xəlilova istintaq verdiyi ifadəsində ərinin pulu Soltan Əliyevdən aldığını deyib. Lakin şahid oradakı ifadəsini təsdiqləməyib. Qeyd edib ki, müstəntiqə Tağı Əhmədovun adını desə də, müstəntiq bunu yazmayıb.
Proses aprelin 29-da davam edəcək.
Qeyd edək ki, ittihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov Soltan Əliyevin 2 milyon manatını ələ keçirib. S. Xəlilov həbsdə olsa da, digər iki təqsirləndirilən məhkəmə dövründə azadlıqda olublar. Onlar haqqında axtarış elan edilib. Qulu Muxtarov və Sahil Abuşovun işi S. Xəlilovun işindən ayrılıb. S. Xəlilov tək mühakimə olunub.
S. Xəlilov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunaraq məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət işi üzrə Soltan Əliyev zərərçəkmiş qismində tanınsa da, S. Xəlilov 2 milyon manatı Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib. //apa//