Vətəndaşlara qarşı dələduzluq edən saxta prokurorun məhkəməsi başlayıb
Tarix: 26-01-2022, 13:40 | Çap et
Vətəndaşlara qarşı dələduzluq edən saxta prokurorun məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tural Abasovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

“Report” xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 2-nə təyin edilib.

Qeyd edək ki, T.Abasov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

İttihama görə, T.Abasov ayrı-ayrı vətəndaşlara özünü qeyd edilən ixtisaslaşdırılmış prokurorluq orqanının əməkdaşı kimi təqdim etməklə guya məhkəmə sistemi, mərkəzi icra hakimiyyəti orqanları və digər bu kimi dövlət qurumlarının yuxarı vəzifəli şəxsləri ilə olan yaxın əlaqələrindən istifadə edərək onların məhkəmə hökmü ilə azadlıqdan məhrum edilən yaxınlarının azadlığa buraxılması, cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, habelə xəstəliyə və aztəminatlılığa görə müavinət təyin edilməsinə köməklik göstərilməsi adı altında həmin şəxslərə məxsus ümumilikdə 50 min 800 manat məbləğində pul vəsaitini ələ keçirib, bu qanunsuz hərəkətləri ilə vətəndaşları rüşvət verməyə təhrik edib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4,312.2-ci (təkrar rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə ittiham irəli sürülüb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net