Şamaxı rayonunda Çuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolunda torpaq sürüşməsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə rayon mərkəzindən 22 km aralı məsafədə yerləşən bu yolda baş verən sürüşmə nəticəsində təhlükəli vəziyyət yaranıb.
2020-ci ilin əvvəllərində yenidən qurularaq istifadəyə verilən və uzunluğu 16 kilometr olan Çuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolunun bir neçə hissəsi dağılıb, asfalt örtüyündə çökmələr və yolun ortasında iri çatlar əmələ gəlib. Ən çox sürüşmə yolun 6-8-ci kilometrliyində qeydə alınır. 8-ci kilometrlikdə yolun bir hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, 3 metr dərinliyində iri çuxur yaranıb. Yolun digər tərəfində isə asfalt örtüyü dağılaraq iri qabarmalar əmələ gəlib ki, bu da sürücülər üçün təhlükə yaradır.
Əsasən də dumanlı havada və axşam saatlarında yoldan istifadə edən sürücülər çətinliklə üzləşirlər. Digər tərəfdən, sürüşmə ərazisində təhlükədən xəbər verən yol nişanlarının olmaması da sürücülərin qəza törətməsinə səbəb olur.
Dörd kəndi birləşdirən və turizm əhəmiyyətli bu yolda ilk dəfədir ki, torpaq sürüşməsi baş verib. Sakinlərin sözlərinə görə, çatlar hər gün genişlənir, çökmələr böyüyür. Uzun illər yolun yenidən qurulmasını arzulayan sakinlər bu yeni yolun qısa vaxt ərzində yararsız vəziyyətə düşəcəyindən narahatdırlar.
Hazırda sürüşmə aktiv fazadadır.