Azərbaycan vətəndaşlarını intim videogörüntüləri ilə şantaj edən mütəşəkkil dəstə saxlanılıb - TƏFƏRRÜAT
Tarix: 23-12-2021, 14:59 | Çap et
Azərbaycan vətəndaşlarını intim videogörüntüləri ilə şantaj edən mütəşəkkil dəstə saxlanılıb - TƏFƏRRÜAT
Ölkə vətəndaşlarını intim videogörüntüləri ilə şantaj edən mütəşəkkil dəstə saxlanılıb.

Vertikal.az xəbər verir ki, bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, 2021-ci il ərzində Azərbaycan vətəndaşlarının intim videogörüntüləri ilə şantaj edilmələri, belə videomaterialların müxtəlif sosial şəbəkələr vasitəsilə yayılmasının təşkil edilməsi barədə daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən araşdırılmışdır.

Faktlarla bağlı DTX-nin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (mütəşəkkil dəstə tərəfindən zərərçəkmiş şəxslər və onların yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə külli miqdarda pul vəsaitlərinin tələb edilməsi), 272.2.1 və 272.2.2-ci (texniki vasitələrdən istifadə etməklə kompüter məlumatlarının təkrar ələ keçirilməsi) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq qrupu yaradılmış, kompleks istintaq-əməliyyat və əməliyyat-texniki tədbirləri həyata keçirilmişdir.

Müəyyən edilmişdir ki, mütəşəkkil dəstə üzvləri “Facebook” sosial şəbəkəsində yaratdıqları saxta hesablar vasitəsilə müxtəlif Azərbaycan Respublikasının vətəndaşlarına məxsus hesablara videogörüntülü zənglər edərək intim xarakterli davranışlara sövq etməyə yönələn hərəkətlər etmiş, texniki vasitələrdən istifadə edilməklə xüsusi proqram təminatları ilə zəng edən və zəng qəbul edən tərəflərin qarşılıqlı əks olunduğu ekran pəncərəsinin videoçəkilişini həyata keçirmiş, “Facebook Messenger” və “WhatsApp” tətbiqləri vasitəsilə həmin vətəndaşlarla əlaqə yaradıb onların və yaxın qohumlarının barəsində rüsvayedici materialları nümayiş etdirib yayma hədəsi ilə külli miqdarda pul vəsaitləri tələb edərək beynəlxalq pul köçürmə sistemləri vasitəsilə çoxsaylı hesablara göndərilməsini təmin etmişlər.

Genişmiqyaslı araşdırma tədbirləri ilə ölkə hüdudlarından kənarda olan cinayətkar şəbəkə üzvlərinin istifadəsində olan cihazların internet şəbəkəsinə qoşulduğu İP-ünvanları və digər abunəçi məlumatları əldə edilmiş, kibercinayətkarlığa dair beynəlxalq konvensiyaların müddəalarına istinadən həmin İP-ünvanları üzrə məlumatların müvafiq dövlətlərin aidiyyəti strukturları vasitəsilə təxirəsalınmaz mühafizəsi təmin edilmiş, cinayətkar şəbəkəyə daxil olan 32 nəfərin şəxsiyyəti təsbit edilərək texniki izlər və pul köçürmələri əsasında davam edən cinayət əməllərindən 200 nəfərdən artıq Azərbaycan Respublikası vətəndaşının zərər çəkdiyi məlum olmuşdur.

Cinayət işi üzrə beynəlxalq hüquqi yardım prosedurları çərçivəsində cinayət əməllərinin təşkilatçılarının Bolqarıstan Respublikasında məskunlaşdığı müəyyən edilərək Bolqarıstan Respublikasının hüquq mühafizə orqanları ilə birgə həmin ölkənin Silistra əyalətində yerləşən ünvanlarda axtarış, dindirmə və digər intensiv istintaq hərəkətləri keçirilmişdir. Cinayət əməllərinin təşkilatçıları, icraçıları və vasitəçiləri cinayət başında ifşa edilmiş, Azərbaycan və digər xarici ölkə vətəndaşlarının şantaj edildiyinə dəlalət edən videomateriallar, səsli mesajlar və yazışmaların olduğu çoxsaylı kompüter, mobil telefon və texniki avadanlıqlar götürülməklə DTX-də aparılan cinayət işi materiallarına əlavə edilmiş, çoxsaylı sosial şəbəkə hesablarındakı videomateriallara kənardan daxilolma imkanları məhdudlaşdırılmaqla davam edən cinayət əməllərinin qarşısı alınmışdır.

Cinayət əməlləri ifşa edilmiş xarici ölkə vətəndaşları Gyurdzhan Stoyanov, Tezdzhan Stoyanov, Sevinch Niyazi və digərləri təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilməklə, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda beynəlxalq hüquqi prosedur tədbirlər yerinə yetirilməkdədir.

Cinayət işi üzrə araşdırmalar davam edir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net