Ata Abdullayevə 9 il həbs cəzası istənildi
Tarix: 21-12-2021, 13:26 | Çap et
Ata Abdullayevə 9 il həbs cəzası istənildi
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən bloger Ata Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

"Unikal" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sərbəst ifadə verib.

Ata Abdullayev verilmiş ittihamla özünü təqsirli bilmədiyini bildirərək heç kimdən hədə-qorxu ilə pul tələb etmədiyini deyib: “Zərərçəkmiş kimi tanınan şəxslərdən pul tələb etməyimi sübut edən heç bir fakt yoxdur. Bircə Ziya Məmmədovdur, o da bura gəlmir. Görünür, gəlib yalan danışmaq istəmir. Mən heç kimi hədələməmişəm”.

A.Abdullayevin ifadəsindən sonra iclasda sənədlərin tədqiqi mərhələsi başlayıb.

Sənədlərin tədqiqi zamanı məlum olub ki, Ata Abdullayev 2004-cü ildə Nəsimi rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 321 (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə təqsirli bilinib. 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177 (oğurluq) və 271-ci (kompüter sisteminə qanunsuz daxil olma) maddələri ilə təqsirli bilinib. Online qaydada kartlardan pul oğurlamağa görə isə Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşları tərəfindən həbs olunan Ata Abdullayevə məhkəmə 7 il şərti cəza verib.

Bundan başqa, sənədlər arasında Ata Abdullayevin yaşadığı ərazinin Mənzil Kommunal İstismar Sahəsinin rəisinin istintaq dövründə DTX-ya göndərdiyi xasiyyətnamə də var. Sənəddə qeyd olunub ki, Ata Abdullayev özündən razı, qonşularla münaqişəsi olan şəxsdir və qonşular şifahi şəkildə ondan şikayət edirlər.

İş materiallarında Ata Abdullayevin qonşularının da ayrıca ərizəsi var və o da məhkəmədə elan edilib. Orada qonşuların Ata Abdullayevin cinayət törətməsinə inanmadıqları bildirilib.

Təqsirləndirlilən şəxsin vəkili Mənzil Kommunal İstismar Sahəsinin rəisinin verdiyi xasiyyətnamə qərəzli hesab etdiyini bildirib.

Daha sonra çıxış üçün dövlət ittihamçısına söz verilib.

Prokuror çıxışında təqsirləndirilən şəxsə verilən ittihamın məhkəmə istintaqı zamanı ortaya qoyulmuş dəlil və sübutlarla, həmçinin şahid ifadələri ilə təsdiq edildiyini əsas tutaraq Abdullayev Ata Eldar oğlunun Cinayət Məcəlləsinin hədə-qorxu ilə pul tələb etmə (CM- 182.2.2, 182.2.4) maddələri təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilməsini tələb edib.

Məhkəmədə zərərçəkmiş Elmar Əliyevin nümayəndəsi telefona görə 2400 manatlıq maddi ziyan həmçinin 10 min manat da mənəvi ziyanın ödənilməsi haqda mülki iddialarının təmin olunmasını istəyib. Onun eyni zamanda, qanuna uyğun şəkildə cəzalandırılmasını istəyib.

Ata Abdullayevin vəkili müdafiə çıxışı üçün vaxt istəyib.

Proses dekabrın 28-də vəkilin çıxışıyla davam etdiriləcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net