MTN işi: “Qollarını, boğazını doğradı, özünü 5-ci mərtəbədən atdı...” - Zərərçəkənin şok ifadəsi VİDEO
Tarix: 11-12-2021, 10:44 | Çap et
MTN işi: “Qollarını, boğazını doğradı, özünü 5-ci mərtəbədən atdı...” - Zərərçəkənin şok ifadəsi VİDEO

Bakı Hərbi Məhkəməsində 2 aya yaxındır ki, ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Təqsirləndirilən şəxslərdən yalnız Mövlam Şıxəliyev həbsdədir. Digər təqsirləndirilən şəxslər - Yasin Məmmədov, Vüsal Ələkbərov və Sahib Ələkbərovun barəsində ibtidai istintaq, sonradan isə məhkəmə dövründə həbslə əlaqəli olmayan qətimkan tədbiri seçilib.

İş üzrə zərərçəkənlərdən Əfsəl Həsənəliyev “Yeni Müsavat” əməkdaşına məhkəmə binası önündə ona və iş birliyində olduğu şəxslərə qarşı baş vermiş cinayətin təfərrüatlarını anladan video müsahibə verib.

34 il Daxili İşlər Nazirliyində rəhbər vəzifələrdə çalışmış, təqaüdə çıxandan sonra Gürcüstandan İrana müxtəlif istehlak malları daşıyan şəxslərlə iş birliyi qurmuş Əfsəl Həsənəliyev başına gətirilən müsibətləri qorxulu yuxu kimi xatırlayır. Rusiyada hüquq təhsili almış, Azərbaycanda xüsusi əməliyyatlar həyata keçirdiyinə görə mükafatlandırılmış Əfsəl Həsənəliyev təqsirləndirilən şəxslərdən Mövlam Şıxəliyevlə Yasin Məmmədovun ondan və birgə həbs olunan şəxslərdən külli miqdarda rüşvət aldıqlarını deyir.



“Mən, Sərdar Əhmədov, Orxan Abdullayev, Cahangir Məmmədov, Elman Şərifov və Məcid Anqubazov Gürcüstandan İrana Azərbaycandan tranzitlə keçməklə mal aparırdıq. Mal yapışqanlı lentlər və petardalar idi. Apardığımız malı gömrükdə bəyan etmişdik, tranzit haqqını da ödəmişdik. Lakin MTN-çilər malımız olan maşını zorla gömrükçülərin əlindən aldılar və bizi də həbs elədilər. Dedilər ki, guya biz gömrük sənədlərindən sui-istifadə edib Azərbaycan ərazisindən İrana mal aparırıq. Belə absurd ittihamla bizi həbsə aldılar”.

Əfsəl Həsənəliyev deyib ki, ilk gündən onlardan azad edilmələri üçün rüşvət tələb olunub və alınıb: “Məndən 50 min dollar aldılar. Həmin pulu evimi banka girov qoymaqla verdim. Bu gün mən ailəmlə, uşaqlarım və 3 nəvəmlə birgə kirayələrdə yaşayırıq. Mənimlə birgə həbs olunan Cahangir Məmmədov özünü öldürdü. O, həbsdən çıxmaq üçün borc almışdı. Çıxandan sonra pulu qaytara bilmirdi, borc sahibi də pulunu istəyirdi. Onun ailəsində qırğın-dava başlamışdı. Evi satışa qoymuşdu, nəticə əldə edə bilmirdi. Bir dəfə qolundakı venalarını doğradı. Aparmışdılar ”Sutikinti" Xəstəxanasına. Orada venalarını tikmişdilər. Elə oradaca boynunun damarlarını, arteriyasını doğramışdı. Həkimlər onu xilas edib reanimasiyaya yerləşdirmişdilər. Gecəyarısı narkozdan ayılıb. Baxıb ki, hamı yatıb. Özünü 5-ci mərtəbədən, reanimasiyanın pəncərəsindən atmışdı. Ailəli idi, 2 övladı vardı".

Əfsəl Həsənəliyevin sözlərinə görə, qondarma cinayət işi baxılmaq üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib: “MTN-in vuran-tutan vaxtında, Gəncə Ağır Cinayətlər Məhkəməsində mən vəsatət qaldırmışdım ki, barəmizdəki cinayət işi uydurmadır. Bizdən rüşvət almaq məqsədi ilə bu qondarma cinayət işini başlayıblar. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Kəramət Əliyevə dedim ki, malı əlimizdən almaq üçün bu işi qurublar”.

Əfsəl Həsənəliyev bu gün təqsirləndirilən şəxs olan Yasin Məmmədovun o zaman onlardan tələb edib aldığı rüşvətlə bağlı bunları deyib: “MTN-də bizdən alınan rüşvəti sadalayıram. Məndən 50 min, Sərdar Əhmədovdan 53 min, Orxan Abdullayevdən 50 min manat, Cahangir Məmmədovdan 80 min manat. Elman Şərifovun atası Abid 10 min manat gətirib, Yasin Məmmədov deyib ki, yox, bu pula oğluna buraxmayacağam. Məcid Anqubasov da 15 min manat verib. Yasin Məmmədov ona deyib ki, ”bu bizim üçün “semiçka” puludur, bu pulla səni buraxmayacağam". Ona görə də onların ikisi də 1 il həbsdə yatdılar. Gəncə Ağır Cinayətlər Məhkəməsində hərəsi 13 min manat rüşvət verdilər. Məcid Anqubazovdan min manat alıb prokurorun cibinə basdılar. Belə azad etdilər".

Əfsəl Həsənəliyev Bakı Hərbi Məhkəməsində qanunsuz olaraq Prezidentin “məhkəmələrin audio və videoya yazılmasına dair Fərman”ıın ica olunmadığını bildirib: “Prezidentin bu barədə Fərmanı var, məhkəmənin gedişatı audio-videoya yazılmalıdır ki, sabah məhkəmə başqa oyun açmasın, çıxarmasın. Amma bu Fərmana əməl olunmur! Dəfələrlə vəsatət qaldırmışıq, məhkəməni audio yazmırlar, videoya çəkmirlər! Faktların saxtalaşdırılması ola bilər. Orada katib oturub, nə yazır o? O, çatdıra bilmir. Məhkəmədə nə baş verirsə, olduğu kimi audioya yazılmalı, videoya çəkilməlidir. Bu haqda Prezident Fərmanı var, amma saymırlar! Bu hökmən icra olunmalıdır...”




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net