Bakı Hərbi Məhkəməsində Eldar Mahmudova milyonlar qazandıran şöbə müdirinin həbsi tələb olundu
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digərilərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə müttəhimlər kürsüsünə Mövlam Şıxəliyevlə yanaşı, MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov çıxarılıblar. İttihama görə, Mövlam Şixəliyev və digər 3 nəfər mütəşəkkil cinayətkar dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçirib. Qeyd edək ki, proses açıq elan olunsa da, faktiki olaraq qapalı keçirilir, media nümayəndələri qanunsuz olaraq iclasa buraxılmırlar.
Son prosesdə zərərçəkənlərdən Hüseyn Səfərov ifadə verib. “Kapital Bank”ın “Tərəqqi” filialının müdiri vəzifəsində işləmiş zərərçəkən deyib ki, Milli Təhlükəsizlik Nazirliyinin daxilində yuva salmış mütəşəkkil cinayətkar quldur dəstənin qurbanıdır: "Mövlam Şıxəliyev, Vüsal Ələkbərov və digərləri mənə qarşı dəhşətli cinayət törədiblər. 2008-ci ilin oktyabrında məni özlərinin uydurduqları cinayət işi üzrə qanunsuz olaraq girov götürüb və 67 gün MTN binasında saxlayıblar. Həmin müddətdə MTN-dəki müstəntiqlərin kabinetində oturub qohum-qardaşımın bu cinayətkar dəstənin məndən tələb etdikləri 3 milyon dolları toplanmasını gözləmişəm. O günlərdə yalnız gecələr təcridxanada kamerada yatırdım, səhər yuxudan ayılıb Vüsal Ələkbərov və digərilərinin kabinetində girovluğumun bitəcəyi günü gözləyirdim. Mövlam Şıxəliyev o günlərdə 5 dəfə məni kabinetinə çağırtdırıb. Hər dəfə də pul tələb edirdi. Deyirdi ki, pulu düzəldin verin, nazirin göstərişidir ki, səni buraxaq. Bunların dəstələrinin başçısı Eldar Mahmudov idi. Bu gün burada, məhkəmə salonundakı dəmir qəfəsdə Mövlam Şıxəliyevin yanında Eldar Mahmudov da əyləşməlidir. Mövlam Şıxəliyevə deyirdim ki, qohum-qardaşım məndən tələb olunan pulu yığıb toplaya bilmir. Söhbətlərin birində də Mövlam Şıxəliyev dedi ki, heç olmasa 2 milyon dollar verin. 67 gün ərzində mənə hədə-qorxu gəlib, təzyiq göstərirdilər ki, pulu tez düzəldib verim. Gördülər ki, pulu düzəldə bilmirik, təklif etdilər ki, çox hissəsini ver, qalanını da səni azadlığa buraxandan sonra ödəyərsən. O günlərdə qohumlarım 1 milyon 650 min dollar düzəldib oğlum Rüstəmə vermişdilər. Oğlum həmin məbləği MTN-in binası yaxınlığında, MTN poliklinikasının yanında Vüsal Ələkbərova verdi. Bundan sonra məni azad etmək üçün MTN-ə həkim briqadası dəvət etdilər. Vüsal Ələkbərov Mövlam Şıxəliyevin göstərişi ilə həkimlərdən 16 dekabr 2008-ci il tarixli 297/KEŞ saylı rəy aldı ki, guya ağır xəstəyəm, buna görə barəmdə həbs-qətimkan tədbiri dəyişdirildi. 3 gün sonra, 19 dekabr 2008-ci il tarixli qərarla Vüsal Ələkbərov məni girovluqdan azad etdi. Hələ 350 min dolları verməyimi tapşırdılar.
MTN işi" işi üzrə daha bir vəzifəlinin həbsi gözlənilir
Dedilər ki, verməsən, səni də, oğlunu da həbs edəcəyik. Bu gün sizin azadlıqda saxladığınız təqsirləndirilən Vüsal Ələkbərov mənə məhkəmə binası qarşısında hədə-qorxu gəlir. Bu gün mən Vüsal Ələkbərovun həbsini tələb edirəm. Bu adamların gözləri doymurdu. 2009-cu ilin may ayında Vüsal Ələkbərov mənə zəng elədi, dedi ki, Mövlam müəllim general rütbəsi alıb, ona hədiyyə gətir. Mənə 2 “Vertu” telefonu aldırdı. MTN-in inzibati binasında, Vüsal Ələkbərovun xidməti otağında hər birinin dəyəri 6 min 500 manat olmaqla 2 “Vertu” telefonu ona verdim. Yenə əl çəkmədilər. Vüsal Ələkbərov zəng eləyib məndən ov silahı istədi. 2009-cu ilin yayında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 164 saylı evin yaxınlığında Qələbə dairəsi adlanan ərazidə 800 manat dəyərində 856204 saylı “Churchill” markalı 12 mm kalibrli ov tüfəngini ona verdim. Həmin silahı mənim yanında qardaşına verdi. Bu adamların tamahkarlığı sonsuzdur. Şəxsi marağa görə hakimiyyətdən, öz qulluq mövqelərindən hər cür sui-istifadə edirdilər".
Sərbəst ifadəsindən sonra zərərçəkən vəsatətlə çıxış edib. O, təqsirləndirilən şəxslərdən Vüsal Ələkbərovun həbsini tələb edib. Hüseyn Səfərov bildirib ki, məhkəmə binası önündə Vüsal Ələkbərov ona təzyiq göstərir, hədə-qorxu gəlir: “Məndən ifadələrimdən imtina etməyi və ərizəmi geri götürməyi tələb edir. Məni hədələyir. Geri götürməyəcəyim halda mənim üçün pis olacağını deyir. Xahiş edirəm ki, barəsində həbs-qətimkan tədbiri seçilsin, bizə qarşı zorakılığın, təzyiqlərinin qarşısı alınsın”.
Məhkəmə vəsatəti əvvəlcə yerindəcə müzakirə etdi. Lakin qərar açıqlanmadı. Qərara alındı ki, proses 23 noyabr 11:00-a qədər təxirə salınsın.