Daxili İşlər Nazirliyi (DİN) Oğuz rayonunda polis əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, noyabrın 12-də saat 04:00 radələrində Şamxal Seyidəliyev şəhər ərazisində idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini İ.Səfərovun vəziyyəti isə orta-ağırdır.
Oğuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
11:05
Oğuz rayonunda baş verən yol qəzasında ölən və yaralanan şəxslərin polis əməkdaşları olduğu məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, qəzada ölən 1995-ci il təvəllüdlü Şamxal Seyidəliyev, xəsarət alan isə 1998-ci il təvəllüdlü İbrahim Səfərovdur.
Onlar Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarıdır.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
09:06
Oğuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
“Report”un məlumatına görə, hadisə səhər saatlarında Oğuz-Şəki avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Filfilli kənd sakini, 1995-ci il təvəllüdlü Şamxal Sərdar oğlu Seyidəliyev idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə hərəkətdə olarkən maşın yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində gənc sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Onun sərnişini, rayonun Yemişənli kənd sakini, 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov müxtəlif xəsarətlərlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.