Jurnalistlər binasının həbsdə olan komendantı: “Layihədə parket vurulması qeyd olunmuşdu, laminat vururdular”
Tarix: 3-11-2021, 19:38 | Çap et
Jurnalistlər binasının həbsdə olan komendantı: “Layihədə parket vurulması qeyd olunmuşdu, laminat vururdular”

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəf kimi tanınan Media İnkişaf Agentliyi mülki iddia verib.

Mülki iddia ərizəsində dəymiş ziyanla bağlı 18 milyon manata yaxın məbləğin təqsirləndirilən şəxslərdən alınaraq Media İnkişaf Agentliyi xeyrinə ödənilməsini istəyiblər.

Daha sonra ötən prosesdə ifadə verən Təhminə Yaqubovanın ibtidai istintaqa verdiyi ifadəsi elan edilib.

T. Yaqubova ifadəsində KİVDF-də jurnalistlərin mükafatlandırılması üçün keçirilən tədbirlərdə qonaq sayının şişirdilməsi, tenderlər keçirilən zaman kimlərin qalib olması, Vüqar Səfərlinin xanımının adına olan qəzetə vəsait ayrılması barədə ətraflı və detallı şəkildə danışıb.

T. Yaqubova, həmçinin, jurnalist olmadığı halda ona verilən mənzil barədə də sualları cavablandırıb. Deyib ki, Vüqar Səfərli ailə vəziyyətini, yaxınlarını itirməsini nəzərə alaraq ona mənzil verib.

Amma Təhminə Yaqubova prokurorun elan etdiyi bu ifadə ilə razılaşmayıb.

Prosesdə daha sonra təqsirləndirilən şəxs qismində Bünyamin İsmayılov dindirilib. O, ifadəsində bildirib ki, uzun müddət tikinti sahəsində çalışıb: "2014-cü ildən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstək Fondunda çalışmışam. Həmin vaxt fondun rəhbəri Vüqar Səfərli ilə görüşdüm və Fondun Tikintiyə Nəzarət şöbəsində çalışmağa başladım. Mən işə gələn zaman artıq jurnalistlərin ikinci binasının yarısı tikilmişdi".

Təqsirləndirilən şəxs qeyd edib ki, birinci binanın birinci mərtəbəsində ona ofis verilib: "Vəzifəm tikintiyə nəzarət etmək, görülən işlərlə bağlı sənədləri tərtib etmək idi. Bütün dövlət qurumları ilə yazışmaları həyata keçirmişəm. Bundan başqa, bütün dövlət qurumları ilə yazışmaları, texniki şərtləri almışam. Hər ayın axırında sənədləri toplayırdım, nə işlər görülüb onları qeyd edirdim, işlərin gedişatı ilə bağlı Vüqar Səfərliyə məruzə edirdim. Binanın dövlət qurumlarına gedən sənədlərini özüm aparıb imzaladıb, rəy alırdım. İkinci və üçüncü binalarda bütün “Forma 2” sənədini mən qəbul etmişəm. Cari qiymətlərlə smetalara baxırdım”.

B. İsmayılov bildirib ki, prokurorluqda çox səmimi ifadə verib: "Heç bir yalan danışmamışam. Mən heç kimlə əlbir olmamışam. Burda məni əlbirlikdə ittiham etdiyiniz çox adamı heç görməmişəm, tanımamışam. Mən maaşdan başqa heç bir əlavə gəlir almamışam. Bəzən binalarda nöqsanlar olurdu. Məsələn, binada parket vurulması layihədə qeyd olunmuşdusa, laminat vururdular. Bununla bağlı rəhbərim Vüqar Səfərliyə məlumat vermişəm. O da məsələdən xəbəri olduğunu deyib".

B. İsmayılov sonda ona qarşı verilən ittihamları qəbul etmədiyini bildirib.

Prosesdə B. İsmayılovun ifadəsində ziddiyyət olduğu bildirilib və ibtidai istintaqa verdiyi ifadə elan olunub.

O, ibtidai istintaqa ifadəsində bildirib ki, binanın tikintisi aparan şirkət əslində Əli Həsənova məxsus olub: "Nadir Məmmədov formal olaraq orada direktor olub. 3-cü binanın tikintisi zamanı Nadir Məmmədov binanın direktorluğundan çıxarılıb, onun yerinə Əli Həsənovun qohumu Ədalət Vəliyev gəldi. Lakin o, işi bacarmadığından yenidən Nadir Məmmədov şirkətə direktor təyin edildi. İkinci və üçüncü binanın tikintisi zamanı mən binada xeyli sayda nöqsan aşkarladım. Bununla bağlı rəhbərliyə məlumat verdim. Əli müəllim də 3-cü binanın tikilişi zamanı həftədə bir dəfə binaya gəlirdi. İşlərin gedişatı ilə maraqlanırdı. Mən o zaman nöqsanlarla bağlı Nadir Məmmədovdan Əli Həsənova şikayət etdim. O da Nadir Məmmədova öz tapşırıqlarını verdi. Binada nöqsanlar var idi. Məsələn, binada yerlərə parket vurulması nəzərdə tutulmuşdu, amma laminat vurmuşdular. Lakin qiymətləndirmədə parketin qiyməti yazılmışdı. Daha sonra, binada istifadə olunacaq materiallarla bağlı brend markalar qeyd olunsa da, Çin istehsalı mallarından istifadə olunmuşdu. Bundan başqa, layihədə pəncərə altlıqlarının mərmər olduğunu göstərsək də, plastikdən vurulmuşdu. Divarlara parça “oboy” vurulması nəzərdə tutulsa da, kağız “oboy”dan istifadə olunmuşdu. Bunlarla bağlı etirazımı Vüqar Səfərliyə bildirmişdim. O da mənə binada görülən işlərə Əli Həsənovun nəzarət etdiyini demiş, bu cür işlərə qarışmamağı tapşırmışdı".

B. İsmayılov isə istintaqda bu cür ifadə vermədiyini bildirib: "Mən istintaqda bir dəfə də olsun Əli müəllimin adını çəkməmişəm".

Proses noyabrın 4-də davam etdiriləcək.

Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb.

Aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net