Həbsxanada ölən eks-deputatın borclarını kim ödəyəcək? Qardaşı həbs oluna bilər...
Tarix: 10-10-2021, 15:54 | Çap et
Həbsxanada ölən eks-deputatın borclarını kim ödəyəcək? Qardaşı həbs oluna bilər...
Məlum olduğu kimi həbsdə olan sabiq deputat Rəfael Cəbrayılov vəfat edib. Onun barəsində dələduzluq maddəsi ilə açılan cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilirdi.

Təqsirləndirilən şəxs vəfat etdiyi halda cinayət işi hansı formada araşdırılır, qərar qəbul edilir? Zərərçəkmiş kimi tanınan şəxslər pulunu necə alacaq?

Musavat.com-un bu suallarını vəkil Anar Məmişov cavablandırıb.

Vəkil qeyd edir ki, əgər təqsirləndirilən şəxs vəfat edərsə, məhkəmə onun vərəsələrinə bu barədə məktub göndərir ki, yaxın qohumlarından kimsə onun hüuqi varisi kim tanınsın.

“Həmin şəxslərdən kimsə hüquqi varis kimi tanındıqdan sonra o şəxsin hüququ var ki, razılıq versin və cinayət işi xitam edilsin. Bu zaman cinayət işinə xitam verildikdə bəraət verici əsas olmadan mərhum şəxs təqsirləndirilir. Vəfat etdiyi üçün də ona cəza təyin edilmir. Ya da hüquqi varisin hüququ var ki, tələb etsin ki, iş sona qədər araşdırılsın, mərhumun günahının olub-olmaması araşdırılsın”, - deyə, vəkil bildirib.

Xəbər verdiyimiz kimi Rafael Cəbrayılov məhkəmədəki çıxışlarında günahkar kimi qardaşı Elşən Cəbrayılov göstərirdi. Deyirdi ki, qardaşı şirkətin pullarını yeyərək onu müflis vəziyyətə çatdırıb. Mərhum R.Cəbrayılov qardaşına “şərəfsiz” də demişdi.

Sual yaranır ki, R.Cəbrayılov vəfat etdikdən sonra qardaşı məsuliyyət daşıya bilərmi?

Vəkil Anar Məmişov söyləyir ki, məhkəmələr işə ittihamın həcmi daxilində baxır:

Həbsxanada ölən eks-deputatın borclarını kim ödəyəcək? Qardaşı həbs oluna bilər...

“Hansı şəxs barəsində ittiham verilibsə, həmin şəxsin işinə baxılır. Zərərçəkmişlərin, prokurorun vəsatəti, istəyi ilə işin daha ağırlaşdırıcı halları araşdırıla bilər. Belə hallar mövcuddursa, məhkəmə işi ibtidai istintaqa qaytara bilər.

İndiki halda təqsirləndirilən şəxs vəfat etdiyi üçün işin geri qaytarılması, araşdırılması da mümkün deyil. Belə ola bilər ki, məhkəmə yekunda qərar verən zaman ayrıca bir hal müəyyən etsə, xüsusi qərar çıxara bilər ki, digər şəxslər də məsuliyyətə cəlb edilsin. Amma praktikada bu çox nadir hallarda baş verir".

Hazırkı cinayət işi üzrə tanınmış zərərçəkmişlərə zərərin ödənilməsinə gəlincə, vəkil bildirir ki, Mülki Məcələnin tələblərinə əsasən ölmüş şəxsin vərəsələri mərhumun mirası həcmində məsuliyyət daşıyırlar:

“Əgər mərhumun hansısa əmlakına həbs qoyulubsa, həmin əmlak zərərin ödənilməsinə yönəldilə bilər. Deyək ki, Rəfael Cəbrayılova 1 milyonluq ittiham verilib. Onun isə cəmi 100 minlik əmlakı var. Bu zaman onun vərəsələri həmin əmlak dəyərində məsuliyyət daşıyır, qalan məbləğlə bağlı mülki hissə isə təmin olunmur”.

Məlumata görə, cinayət işində ümumilikdə 11 nəfər zərərçəkmiş var. Sabiq deputatın həmin şəxslərə ümumilikdə 2 milyon 571 min manat borcu yaranıb.

Zərərçəkənlər arasında “Şərur-İnşaat” tikinti şirkətinin rəhbəri, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov da var. İ.Axundov bildirib ki, keçmiş deputat ondan 200 min manat pul alıb. İş adamının sözlərinə görə, Rəfael Cəbrayılov ona deyib ki, Milli Məclisin keçmiş sədri Oqtay Əsədovla şərikli inşaat biznesi ilə məşğul olur.

Başqa bir zərərçəkmiş - həkim stomatoloq Sülhiyyə Məmmədovadır. O, “Dərhal” MMC-nin inşa etdiyi 5 mərtəbəli binalardan birindən 150 min manat dəyərində qeyri-yaşayış sahəsi almaq istəyib. Bu məqsədlə deputata və qardaşlarına pul versə də nə əmlak ala bilib, nə də pulunu geri qaytara bilib. Bu səbəbdən də Rəfael Cəbrayılovdan şikayətçi olub.

Rəfael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunub.

Əvvəlki məhkəmə proseslərində Rafael Cəbrayılov bəzi epizodlar üzrə qardaşı Elşən Cəbrayılovu ittiham edib. Hətta sabiq deputat qardaşını “şərəfsiz” adlandırıb. Rafael Cəbrayılov istintaqdakı ifadəsində də göstərib ki, bina tikintisinə və mənzillərin satışına qardaşı Elşən Cəbrayılov nəzarət edib.

Sabiq deputat ifadəsində qeyd edib ki, 2000-ci ildə prokurorluq orqanında işlədiyi üçün kommersiya fəaliyyəti ilə məşğul ola bilməyib. Ona görə də qardaşı Elşən Cəbrayılovun adına "Dərhal" MMC təsis edib. MMC Bakıda bina tikintisi ilə məşğul olub. İlk iş olaraq da “Şərq Bazarı”nın yanında bina inşa ediblər.

Daha sonra Yasamal rayonu ərazisində bina tikiblər. 2007-ci ildə deputat olduğunu deyən Rafael Cəbrayılov söyləyib ki, həmin ildən Mehdiabad qəsəbəsində “Binəqədi Gənclər Şəhərciyi” layihəsi kimi 12 çoxmərtəbəli bina tikməyə başlayıblar.

R.Cəbrayılov söyləyib ki, binaların sayı sonradan 23-ə çatdırılıb. Layihə üçün pullar “Azəriqazbank”dan götürülüb və tam ödənilib.

Qeyd edək ki, bu adıçəkilən bank sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın dostu olan keçmiş deputat Çingiz Əsədullayevindir.

Rafael Cəbrayılov ifadəsində göstərib ki, tikintiyə və satışa qardaşı Elşən Cəbrayılov nəzarət edib.

Yaranan borclardan danışan R.Cəbrayılov deyib ki, binaların inşası üçün dostlarından dəfələrlə borc pul alıb. Bəzən isə faizə də pul götürüb.

İlkin Muradov,
Musavat.com




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net