“Son 18 ildə 22 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib”.
APA-nın xəbərinə görə, bunu iyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2020-2021-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib.
Nazirin sözlərinə görə, əllərdə qanunsuz saxlanılan 17 minə yaxın odlu silah yığılıb və onun tətbiqi ilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb.
"Cinayətlərin orta hesabla 84 faizinin açılması təmin olunub, axtarışda olan 58 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 13 tona yaxın narkotik vasitə çıxarılıb” - deyə V. Eyvazov vurğulayıb.
O qeyd edib ki, respublikada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı bu gün də əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır.