Azərbaycanda minlərə adamı aldadan, 100 milyon dollar toplayıb qaçan fırıldaqçı tutuldu
Tarix: 1-07-2021, 16:00 | Çap et

Türkiyədə və o cümlədən Azərbaycanda on minlərlə adamı aldadaraq milyonlarla dolları ələ keçirən, neçə vaxtdır beynəlxalq axtarışda olan "Tosuncuk" (gombul, girdəsifət mənasında) ləqəbli məşhur dələduz Mehmet Aydın Braziliyanın San-Paulu şəhərində polisə könüllü təslim olub. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Mehmet Aydının vəkili Şehmus Uluç onun Ankaraya ekstradisiya edilməsi üçün prosedurların başladığını açıqlayıb.

Bir gün əvvəl Mehmet Aydın vəkilləri vasitəsilə "Sözçü" qəzetinə videomüraciət göndərib və təslim olmağa hazırlaşdığını bildirib.



"Tosuncuk" Türkiyənin son illərdə meydana çıxan ən məşhur dələduzu hesab edilir və on minlərlə adamı asan yolla yaxşı qazanc götürmək vədi ilə aldatmaq üçün qurduğu mexanizm "Farm Ville" adlı məşhur internet oyununa əsaslanırdı. Belə ki, bu gənc 2016-cı ildə həmin oyundan ilhamlanaraq onun analoqunu-"Çiftlik Bank" internet oyununu qurub. Bu oyuna qoşulanlar dəyəri qızılla ölçülən müxtəlif ev heyvanlarını alırdı. Oyunun qaydalarına əsasən heyvanların ömrü 365 gün idi və onları alanlar eyni zamanda heyvanları bəsləmək üçün yem, onların saxlanılması üçün depo xərclərini də ödəməli idi. Bu heyvanları bəsləmək və onların əvəzində gəlir əldə etmək üçün oyun iştirakçıları rəqəmsal ödəmə mexanizmlərindən (kriptovalyutalardan) istifadə edə bilirdi.

Azərbaycanda minlərə adamı aldadan, 100 milyon dollar toplayıb qaçan fırıldaqçı tutuldu

Oyunda satın alınan heyvanlar "Tosuncuk" tərəfindən Türkiyənin müxtəlif yerlərində açılan fermalarda saxlanılır, onlardan əldə edilən ət və süd isə yenə də "Çiftlik Bank"ın mağazalarında satılırdı. Oyun iştirakçılarının satın aldıqları heyvanlara görə bir il ərzində əldə edəcəkləri gəlir isə ən azından yüz faiz təşkil etməliydi.

Bu oyun asan yolla varlanmaq istəyənlər arasında sürətlə populyarlaşıb və "Çiftlik Bank" 2016-2017 illər ərzində 78 minə yaxın adamdan 511 milyon TL (o zamankı məzənnə ilə 100 milyon dollardan artıq) pul toplayıb. Həmin pullardan 63 minə yaxın iştirakçıya 398 milyon TL ödəyib, qalan pulları isə Şimali Kiprdə qurulan "Fame Game" adlı şirkətinin hesabına keçirib. Oradan isə pullar Mehmet Aydının və arvadının şəxsi bank hesablarına köçürülüb. Qeyri-rəsmi məlumatlara əsasən isə, Mehmet Aydının dələduzluq sxemindən zərər çəkənlərin sayı və onlardan ələ keçirilən pulların məbləği daha çoxdur.

Azərbaycanda minlərə adamı aldadan, 100 milyon dollar toplayıb qaçan fırıldaqçı tutuldu

Mehmet Aydın fırıldaq sxeminin üstü açılmazdan əvvəl topladığı pullar hesabına məşhur kurortlarda əylənib, dəbdəbəli həyat sürüb. 2018-ci ildə onun şirkətinin əslində insanları aldatmaq üçün qurulan piramida sxemi əsasında işlədiyi müəyyən edilib və cinayət işi qaldırılıb. Şirkətin bir neçə məsul şəxsi tutulub, 26 yaşlı "Tosuncuk" isə Urugvaya qaçıb.

"Çiftlik Bank" o vaxt Azərbaycan və Argentinada da şirkət qurub. İnternet mənbələrində yer alan məlumatlara əsasən "Çiftlik Bank Azərbaycan" şirkətinin rəhbəri Mert Mertoğlu adlı şəxs olub. 2017-ci ildə sosial şəbəkələrdə yayılmış elanlarda istifadəçilər "xüsusi kampaniyadan" faydalanmağa "Çiftlik Bank"ın Azərbaycan serverinə üzv olmağa çağırılır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net