Maştağa qəsəbəsində neft quyusunun yaxınlığında qanunsuz evlərin tikintisinə himayədarlıq edən şəxslərin kimliyi məlum olub.
"Report" xəbər verir ki, həmin ərazilərdə qanunsuz evlərin tikintisinə bir qrup Qarabağ müharibəsi iştirakçısı himayədarlıq edir.
Belə ki, Sərxan İsayev və Azər Cəbrayılov ətraflarına dəstə toplayaraq, bu ərazidə neft quyularının yaxınlığında torpaqları zəbt edərək vətəndaşlara satır.
Azər Cəbrayılov köhnə taktikasından istifadə edərək qanunsuz tikinti işlərini başa çatdırmaq üçün yenə də müharibə veteranlarından istifadə edir. Ona bu işdə cəmiyyətdə daha çox “saxtakar veteranlar” kimi tanınan Şəmilov İlyas Cəbrayıl oğlu və Abbasov Zavur Ağaqulu oğlu köməklik göstərir.
Bu saxtakar dəstənin üzvləri indi İkinci Qarabağ müharibəsi qazilərini də aldadaraq öz ətraflarında toplamağa çalışırlar. Çünki dəstənin “böyük” oğurluq planları var - xalqa məxsus olan neft mədəni ərazilərindəki boş torpaq sahələrini zəbt edərək ev tikib satmaq.
Təəssüf ki, saxtakarlar bəzi qaziləri nələrinsə müqabilində öz yanlarına çəkə bilir. Onlardan tələb olunan isə odur ki, hərbi forma geyinib tikinti ərazisində görünsünlər, qoy gələn-gedən görsün ki, tikinti işlərini qazilər aparır. Belə olanda heç kim qanunsuz tikintiyə müdaxilə etməyə cəsarət etməz.
Halbuki bu cür sahələrdə yaşamaq insan həyatı üçün bir sıra təhlükələr yaradır.