Sərhədçilər İran tərəfdən dövlət sərhədini pozmağa çalışan iki nəfərə atəş açıb: Biri yaralanıb, digəri qaçıb
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, bu gün saat 6:15 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən iki nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə olunub.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadının “dayan” əmrini icra etməyərək geriyə qaçan sərhəd pozucularına qarşı “Azərbaycan Respublikasının dövlət sərhəd haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq edilib və onlardan biri yaralanıb. Digər sərhəd pozucusu hadisə yerindən qaçaraq müqabil əraziyə keçib.
Yaralı sərhəd pozucusuna dərhal ilkin tibbi yardım göstərilib və Füzuli rayonunun Diaqnostika Mərkəzinə təxliyəsi təşkil olunub.
Hadisə yerində iki bağlamada ümumi çəkisi 5,3 kq narkotikə bənzər maddələr aşkar olunub.
Hadisə ilə əlaqədar cinayət işi başladılıb, zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.