Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizə tədbirlərini davam etdirirlər.
Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Zamin Əliyev Abşeron rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı 46 qram heroin, 27 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Zamin Əliyevin yaşadığı evdən əlavə 8 kiloqram heroin, 2 kiloqram 440 qram metamfetamin, 2 kiloqram 200 qram marixuana, 2 kiloqram 603 qram tiryək və 2300 ədəd psixotrop tərkibli “Metadon” həbi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Orxan Mürsəlov saxlanılıb. Onun üzərinə baxış zamanı 10 qram, Xəzər rayonunda yaşadığı məzildən isə əlavə 2 kiloqram 160 qram heroin, 215 qram marixuana, 61 qram tiryək, 358 qram metamfetamin, 120 ədəd “Metadon M40” həbi və 2 ədəd elektron tərəzi aşkar edilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən daha bir əməliyyat tədbiri zamanı isə vətəndaş Nuranə Babayeva saxlanılaraq Baş İdarəyə gətirilib. Onun üzərinə baxış zamanı 5 qram, Sabunçu rayonunda yaşadığı evindən isə külli miqdarda - 3 kiloqram 470 qram heroin, 500 ədəd “Metadon” həbi və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib.
Baş İdarənin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat zamanı isə vətəndaş Gülnarə İsmayılova narkotik vasitələrin satışında şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən 107 qram, Nərimanov rayonunda yaşadığı mənzildən isə 470 qram heroin, 1 ədəd elektron tərəzi və narkotik vasitələrin satışından əldə olunan 2000 manat pul aşkar edilib.
Baş İdarənin əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Vüsal Tağıyev saxlanılıb. Onun üzərindən və Sabunçu rayonunda yaşadığı evdən ümumilikdə 40 qram heroin və metamfetamin, eləcə də, narkotik vasitələrin satışında istifadə etdiyi 1 ədəd elektron tərəzi, həmçinin, 1 ədəd “Makarov” markalı tapança aşkar edilib.
Beləliklə, Baş İdarə əməkdaşları tərəfindən keçirilən sonuncu əməliyyatlar nəticəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik ümumi çəkisi 23 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, eləcə də, 2920 ədəd “Metadon” həbinin yayılmasının qarşısı alınıb.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq tədbirləri davam etdirilir.