18 yaşlı qızın müəmmalı ölümü: - “Axşam mənzildən səs-küy gəlirdi”
Tarix: 29-03-2021, 15:32 | Çap et
18 yaşlı qızın müəmmalı ölümü: - “Axşam mənzildən səs-küy gəlirdi”

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində 18 yaşlı qız intihar edib.

Martın 29-u səhər saatlarında şəhərin 17-ci mikrorayonunda yaşayan 2003-cü il təvəllüdlü Misirli Könül Əfqan qızı özünü öldürüb. O, binanın 9-cu mərtəbəsində yerləşən mənzildən özünü atıb.

Mətbuatda yer alan ilkin məlumatlara görə, K.Misirli Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Buraxılış imtahanında ən yüksək bal toplayaraq məktəb üzrə birinci yerə çıxıb. Ali məktəbə qəbul imtahanında isə birinci ixtisas qrupu üzrə 618 bal yığıb.

K.Misirli Bakıda universitetlərin birinə daxil olsa da, ailəsi onun paytaxta gedib-gəlməyinin çətin olacağını düşünərək qızın Sumqayıt Dövlət Universitetini seçməsini istəyib.

Könül Misirli Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin birinci kurs tələbəsi olub. Əlaçı olan Könül həm də qrup nümayəndəsi imiş. Təhsil Nazirliyinin “Gələcəyin müəllimi” təqaüdünə layiq görülüb. Əlaçı olduğuna görə ona universitetin xüsusi təqaüdü də verilib.

O, dünən axşam saat 10 radələrində qrup yoldaşları ilə əlavə onlayn dərsdə də iştirak edib. K.Misirlinin martın 31-də 18 yaşı tamam olacaqdı.

Hadisənin necə baş verməsi, gənc qızın özünü qəsdinin səbəbləri barədə hələlik rəsmi məlumat yoxdur.

Cebhe.info əməkdaşı gənc tələbənin ölümündən əvvəl ailəsi ilə birgə yaşadığı binada olub, qonşularla söhbətləşib.

Hadisə baş verən binanın qarşısında az sayda adam toplaşmışdı. Gələnlər əsasən yaxın qonşular və qohumlar idi. Pandemiya şəraitini nəzərə alaraq bunu təbii qarşılamaq lazımdır. Aldığımız ilk məlumat gənc qızın cənazəsinin artıq dəfn üçün məzarlığa aparıldığı oldu.

Qonşuların bildirdiyinə görə, Könül Misirli olduqca sakit, tərbiyəli qız olub. Ailəsi tərəfindən də ciddi nəzarət altında saxlanılıb.

“Mənzildən axşam səs-küy gəlirdi”

Ailə ilə eyni binada qalan şəxs bildirib ki, ötən gün axşam saatlarında ailənin mənzilindən səs-küy eşidib, ancaq səsəbini bilməyib. Ailənin qonşularla da o qədər yaxın münasibəti olmadığından, kimsə qapını döyərək səbəblə maraqlanmayıb. Səhər isə intihar barədə xəbəri eşidiblər. Söhbətləşdiyimiz şəxslərdən kimsə hadsənin necə baş verdiyini gözü ilə görməyib. Hər kəs bir-birindən eşitdiyini danışır.

“Stoldan yıxılıb…”

Hadisənin necə baş verdiyinə gəlincə, intiharla yanaşı ehtiyatsızlıq versiyası da var.

Bəziləri bildirir ki, Könül mətbəxdə pəncərədəki pərdəni düzəltmək üçün stola çıxıb. Elə həmin anda stolun ayağı sürüşüb və 18 yaşlı gənc 9-cu mərtəbədən aşağı düşüb. Ancaq pəncərənin niyə bu zaman açıq olması sual doğurur.

Qeyd edək ki, ailənin Könüldən başqa bir oğlan övladı da var. Qonşular ailənin təkcə qıza yox, həm də ona qarşı xüsusi tələbkarlıq nümayiş etdirdiyini bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net