Bakıda vəzifəli şəxsin oğlu bacısını güllələyib öldürdü
Tarix: 21-09-2020, 11:30 | Çap et
Bakıda vəzifəli şəxsin oğlu bacısını güllələyib öldürdü

Sentyabrın 20-də səhər saatlarında Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində 1991-ci il təvəllüdlü Aydan Babayevanın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bununla bağlı Xəzər Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Məhəmmədəli Babayevin aralarında yaranmış münaqişə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq, Aydan Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhəmmədəli Babayev şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bakıda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Xəzər rayonunun Türkan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məhəmməd Babayev münaqişə zəminində bacısı, 1996-cı il təvəllüdlü Aydan Babayevanı odlu silahla üç dəfə atəş açaraq qətlə yetirib.

M. Babayev daha sonra könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, hadisəni törədən şəxs Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin oğlu, ölən isə qızıdır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net