Ailəsinin təzyiqlərindən qaçan daha bir qız sığınacağa üz tutub.
Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
“Faktla bağlı bizə məlumat verildi, bir həftə bundan əvvəl yetkinlik yaşına çatmayan qız sığınacağa yerləşdirildi. Ailədaxili konfliktlər ötən il qızın imtahanlardan az bal toplaması və ödənişli əsaslarla ali məktəbə daxil olması səbəbindən yaranıb. Atası pulunun olmadığını bildirib. Qız da ailəsindən küsüb. Lakin ailəsi tərəfindən erkən nikaha məcbur edildiyini əsas gətirərək evdən qaçdığını deyib”, - deyə K.Ağazadə bildirib.
O, bildirib ki, valideyn-övlad münasibətlərinin korlanması uşaqlarda davranış pozuntusuna gətirib çıxarır:
“Bu isə bəzən ağır fəsadlara yol aça bilər. Biz qızın ailəsi ilə profilaktik söhbətlər apardıq. Məsələni onlara da psixoloji cəhətdən izah etdik. Söz verdilər ki, bu məsələdə daha diqqətli olacaqlar. Qız dünən ailəsi ilə evinə yola salındı”.
K.Ağazadə ötən gün 14 yaşlı qızın ərə verilməsi ilə bağlı məsələyə də münasibət bildirib:
“Mövzu ilə əlaqədar artıq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi araşdırma aparıb, məsələ qismən öz təsdiqini tapıb. Qız ailə qurmaq yox, təhsil almaq istədiyini deyib. Məsələ Komitə tərəfindən diqqətdə saxlanılacaq. Ümumiyyətlə, cəmiyyətdə bu problemlərin ictimailəşdirilməsi müsbət haldır”.