Xızıda poçtdan oğurluq edən şəxs tutulub.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.
Bildirilib ki, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 8 fevral 2020-ci ildə “Azərpoçt” MMC-nin Xızı poçt filialının Giləzi poçt şöbəsinin binasına qanunsuz daxil olaraq, orada olan seyfdən 1 063 manat pul oğurlamış qəsəbə sakini Pərviz Ağazadə saxlanılıb. İlkin dindirilmə zamanı həmin şəxs oğurluq hadisəsini gecə saatlarında törətdiyini etiraf edib.
P.Ağazadənin ətrafında aparılan tədbirlərə onun digər cinayət əməlinin üstü də açılıb. Belə ki, həmin şəxsin cari ilin iyul ayının 17-də Giləzi qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq etdiyi sübuta yetirilib.
Faktlarla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.