Bakı yollarında ciddi təhlükə: Hər gün artan kuryer ölümlərinin günahkarı kimdir?
Son bir neçə ayda paytaxt Bakıda kuryerlərin ölümü və ya ağır yaralanması ilə nəticələnən qəzalar baş verir. Moped, motosiklet və velospidelərdən istifadə edən kuryerlər həm öz canlarını, həm də başqalarının həyatını təhlükəyə atırlar. Bu cür hadisələrin son aylarda daha da artması koronavirus pandemiyası ilə bağlıdır. Belə ki, paytaxtda fəaliyyət göstərən restoranların, mağazaların onlayn satışa keçməsi kuryer xidmətinə təlabatı artırıb. Bu isə kuriyerlərin sayının dəfələrlə artması deməkdir.
Kuryerlərin ölümü ilə nəticələnən qəzalardan ictimailəşən, mətbuatın gündəminə düşənlərdən biri may ayında baş verdi. "Domino"s Azerbaijan"nın kuryer sifariş apararkən qəzada dünyasını dəyişdi. Bu hadisə ciddi narazılıqlara səbəb oldu. Çünki şirkət müştəriyə sifarişi 30 dəqiqəyə çatdıracağını vəd edirdi. Əks halda ödəniş almayacağını bildirirdi. Bu isə kuryeri 30 dəqiqədən tez sifariş ünvanına çatmağa məcbur edirdi.
Bu hadisədən bir neçə gün sonra "Gənclik Mall"ın qarşısında kuryeri avtomobil vurdu. Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirildi.
"Domino's"un qəzada dünyasını dəyişən kuryeri
"Wolt" şirkətinin qəzada dünyasını dəyişən əməkdaşı
Ölümlə nəticələnən növbəti qəza "28 May" da baş verdi. "Wolt" kuryer şirkətinin mopedli əməkdaşı avtomobillə toqquşaraq hadisə yerində dünyasını dəyişdi.
Qəzaların baş verməsinin bir çox səbəbləri var. Məsələn, kuryerlər sürücülük vəsiqəsi olmadan, qoruyucu dəbilqə olmadan, yol hərəkəti qaydalarına məhəl qoymadan hərəkət edirlər.
Ekspertlər deyir ki, yaranmış bu tendensiya ciddi təhlükədir və qarşısı alınmasa nəticələri daha ağır ola bilər.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Musavat.com-a açıqlamasında kuryerlərin ölümü ilə nəticələnən qəzaların artmasının səbəbləri haqda danışıb.
Ekspert bu hadisələrin baş verməsində əsas günahkarlardan biri kimi də kuryerləri işə götürən şirkətləri göstərir:
"Moped və motosiklet idarə edənlərlə bağlı son zamanlar çox ciddi problemlər var. Pandemiya dövründə bu məsələ daha da aktuallaşdı. Karantin müddətində əksər obyektlər bağlanaraq fəaliyyətini onlayn davam etdirməyə başladı. Bu isə kuryer xidmətinə tələbatı artırdı. Əsas da restoranlarda sifarişlərin çatdırılması məsələsi var. Bu səbəbdən də kuryerlərlə işləyən şirkətlər, mağazalar, restoranlar sözün həqiq mənasında onları istismar edirlər. Çünki sifarişləri daha tez çatdıraraq daha çox qazanc əldə etmək istəyirlər.
Sifarişi tez çatdırmaq üçün kuriyerə vaxt qoyulur. "Domino's" şirkəti kampaniya elan etmişdi ki, sifariş 30 dəqiqədən gec çatarsa, ödəniş alınmayacaq. Belə olanda halda pulu sürücüdən, kuryerdən alırdılar ki, niyə gecikdirmisən? Sürücülər də qaydaları pozmağa məcbur olurdular".
Ekspert Elməddin Muradlı
Elməddin Muradlı kuryerlərin qaydaları pozduqları halda məsuliyyətdən yayınmaq üçün müxtəlif üsullara əl atdığını da söyləyib.
"Onlar kameralara yaxalanmamaq üçün motosikletlərin dövlət nömrə nişanını çıxarırlar. Əksəriyyətinin sürücülük vəsiqəsi yoxdur. Mopedə sürücülük vəsiqəsi lazım olmasa da motosikletdən istifadəyə görə sürücülük vəsiqəsi tələb olunur. Qeyd etdiklərimin hamısı məsuliyyət yaradır. Sürücülük vəsiqəsi olmadığına görə 100 manat, dövlət nömrə nişanı olmadığına görə isə 60 manat cərimə müəyyən edilib"- deyə ekspert bildirib.
E.Muradlı bu məsələnin çox ciddi olduğunu və qarşısının mütləq alınmalı olduğunu deyib:
"Belə hallar təəssüf ki, son zamanlar artmaq üzrədir. Motosikletlərin, mopedlərin piyada xətlərində piyadaları vurması halları da artıb. Çox sürətli və təhlükəli şəkildə idarə edirlər, piyada səkilərinə də çıxırlar.
Bu məsələ ilə bağlı yol polisinin rəhbərliyi ilə danışıqlar aparmışıq ki, bu, təhlükəli tendensiya kimi yayılmaqdadır. Bunun qarşısı alınmasa, ölüm halları artmaqda davam edəcək.
Mən özüm polis əməkdaşlarının bu cür hallarla bağlı keçirdikləri reydlərdə iştirak etmişəm. Şahidi olmuşuq ki, motosikletləri moped adı ilə idarə edirlər. Motosikletlərin etiketlərini silirlər ki, polis əməkdaşları motosiklet olduğunu bilməsinlər.
Bunlarla bağlı çox ciddi addımlar atılmalıdır. Qoşa xətt bilmirlər, maşınların arası ilə gedirlər, maşınlara zərər vururlar. Həm öz həyatlarını, həm də başqlarının həyatını təhlükəyə atırlar.
İlk olaraq da şirkətlər özü buna nəzarət etməlidir. Sürücülük vəsiqəsi olmayanlar işə götürülməməlidir. Dəbilqəsiz moped, motosiklet idarə edilməsinə icazə verilməməlidir.
47cc6db8-82c4-490f-8d4d-31c2bcb9aae9.jpg (222 KB)
Təkcə kuryerlər yox, digər moped idarə edənlər, velosiped sürənlər də qaydalara əməl etməlidir. Son zamanlar insanların mopeddən, velosipeddən istifadəyə üstünlük verməsi müsbət haldır. Amma onlar nəzərə almalıdırlar ki, yol hərəkəti qaydaları onlara da aiddir".
E.Muradlı deyir ki, sürücülər başa düşməlidir ki, sərnişin daşımaq üçün nəzərdə tutulan sürücülük vəsiqəsi ilə motosiklet sürmək olmaz:
"Motosiklet sürmək üçün də icazə olmalıdır, bunun təlimini keçməlisən. Kefi istəyən motosiklet sürə bilməz. Bunu təbliğ etmək lazımdır.
Sürücülük vəsiqəsi olmadan mopeddən istifadə olunsa da, sürücü və sərnişin üçün dəbilqədən istifadə məcburidir. Buna görə cərimə də nəzərdə tutulub. At arabasından istifadə edən şəxsin belə hüquq və vəzifələri qanunda göstərilir. Bu insanlar qanunu açıb oxumalıdırlar. Hüquq və vəfizələrini bilməlidirlər. Başa düşməlidirlər və nə öz həyatlarını, nə də digərlərinin həyatını risqə atmamalıdırlar".
Musavat.com