Daxili İşlər Nazirliyi (DİN) Qəbələdə baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 1-də saat 7 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərinin birində oranın sahibi olan qəsəbə sakini R.Rəhimovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşı Azəri qətlə yetirərək hadisə yerini tərk etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.
Qəbələ rayon prokurorluğu tərəfindən araşdırma aparılır.