BDU-nun rektoru barədə şok ittihamlar – Ekspert nazir müraciət etdi
Tarix: 12-11-2019, 08:20 |
Çap et
Tanınmış təhsil eksperti, Təhsil nazirliyinin yanında İctimai Şuranın üzvü Etibar Əliyev Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevu kəskin tənqid edib.
BakuPost xəbər verir ki, o, rektoru qohumbazlıqda, “trol şəbəkəsi” saxlamaqda ittiham edib və Təhsil nazirindən onu cəzalandırmağı xahiş edib: “Hörmətli Ceyhun müəllim, Himayəçilər Şurasına Rəhbərlik etdiyiniz Bakı Dövlət Universitetində nələrin baş verməsindən xəbəriniz varmı?
Universiteti qohumbazlıq, traybalizm, kollektivə qarşı saymazlıq, rektor ədabazlığı və ərköyünlüyü bürüyüb. Elçin Babayev baldızı Ləman Hüseynbəylini həm özünə köməkçi, həm də onu "Ümumi şöbə"yə müdir təyin edib. Mənə verilən məlumata görə Universiteti bu qadın və Tədris hissə müdiri, qohumu Elçin Məmmədov idarə edir. Elçin Məmmədov feysbukda trol qrupuna rəhbərlik edənlərdən biridir. Bacısının yoldaşı, vaxtilə polis işçisi olmuş Fikrət Heydərovu "Ümumi İşlər üzrə" müşavir vəzifəsinə təyin edib. Tələbə Gənclər Təşkilatının rəhbəri Nicat İsmayılov tələbələri dərsdən ayırmaqla "trol qrupuna" cəlb edib. Müavini Rəcəb Məmmədzadə onun bu işlərdə aktiv dəstəkçisidir. Həm də Babayevin yaxın sirdaşı Ləman Hüseynbəylinin sürücüsüdür. Mən bunların adını çəkməklə onları cəmiyyətə təqdim etmək istədim və məqsədim bu cür adamları tanıtmaqdır.
Belə nalayiq hərəkətlər Bakı Dövlət Universitetində heç vaxt baş verməyib və 100 yaşı tamam olan təhsil ocağının tarixinə ləkədir.
Hörmətli Ceyhun müəllim, Sizin adınıza da ləkə gətirən bu cür hərəkətləri durdurun.
Bakı Dövlət Universitetində baş verən biabırçılıqlarla bağlı qısa müddətdə mövqeyinizi ortaya qoymağınızı Sizdən xahiş edirəm. Nəzərə alın ki, bu cür qeyri-mənəvi və qeyri-əxlaqi hərəkətlərə bilərəkdən 100 illikdə yol verilməklə Sizin də nüfuzunuza xələl gətirilir”.
Ekspertin ittihamları ilə bağlı BDU-nun mətbuat xidmətindən BakuPost-a bildirilib ki, rektora məruzə edildikdən sonra açıqlama veriləcək.