Arif Əsgərovun məsələsi yuxarılarda ciddi şəkildə müzakirə olunur
Tarix: 18-10-2016, 08:04 | Çap et
Arif Əsgərovun məsələsi yuxarılarda ciddi şəkildə müzakirə olunur
Artıq çoxlarına bəllidir ki, nəqliyyat naziri Ziya Məmmədovun müavini Arif Əsgərov «Azərbaycan Dəmir Yolları» QSC-nin rəisi olduğu dönəmlərdə adıçəkilən qurumda ciddi neqativ hallara, çoxsaylı nöqsanlara rəvac verilib. İndiyədək bununla bağlı ayrı-ayrı kütləvi informasiya vasitələrində müxtəlif səpkili məlumatlar yayımlansa da, məhz Ziya Məmmədovun sayəsində Arif Əsgərov bütün mümkün təhlükələri özündən uzaqlaşdırmağa, məsuliyyətdən kənarda qalmağa müvəffəq olub. Lakin «Azərbaycan Dəmir Yolları» QSC-nin hazırkı sədri Cavid Qurbanovun bu günlərdə əvvəlki rəhbərlik barəsində səsləndirdiyi ittihamlardan sonra güman etmək olar ki, artıq Ziya Məmmədov belə, Arif Əsgərovu müdafiə edə, onun toxunulmazlığını təmin edə bilməyəcək. Beləliklə, «Mən əvvəllər də «Azərbaycan Dəmir Yolları» QSC-də çalışmışam. Sonradan Nəqliyyat Nazirliyinə təyinat aldım. İş elə gətirdi ki, yenidən «Azərbaycan Dəmir Yolları» QSC-yə qayıtmalı oldum. Bura qayıtdıqdan sonra ciddi problemlərin şahidi oldum» deyən Cavid Qurbanovun sözlərinə görə, həmin vaxt lokomotiv parkı yox dərəcəsində olub: «10-12 yaşında elektrovoz və teplovozlar alınaraq, Azərbaycana gətirilmişdi. Rusiyada 20-30 il istismar olunmuş, sonradan təmir olunmuş lokomotivlər alınırdı. Başladıq vaqon parkında araşdırma aparmağa. Daşınma xidmətlərinin rəisini çağırdım yanıma və birgə parka baxdıq. Gördük ki, 2023-cü ilədək belə davam etsə, parkımızda 123 vaqon qalacaq, qalanları sıradan çıxacaq. Yol infrastrukturunda rabitə sistemi yox dərəcəsində idi. Vəziyyət o həddə idi ki, maşinistlər bir-biri ilə mobil telefonla əlaqə saxlayırdı. İşlərin əksəriyyətində geriləmə var idi. Yol təsərrüfatında olan ağac tirlərinin 70 faizi yararsız vəziyyətdə olub. Təhlükəsizlik sıfır dərəcəsində, depo və binalarımız yox vəziyyətdə idi. Başqa sözlə, hara ayaq qoyurduqsa, orada bir dərd var idi. Öz-özümə düşünürdüm ki, mən bu qədər problemlərin öhdəsindən necə gələcəyəm. Amma özümdə güc tapdım, həmkarlarımı başıma topladım və başladım işləməyə. İşimdə dəmiryolçuların təcrübəsinə arxalandım». Nöqsanlara toxunan «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri bildirib ki, günahkarlar bu şəraiti yaradanlardır: «Bir gün əsas binamızda otaqlardan birinə girdim və gördüm ki, bir xanım yanında uşaqla əyləşib. Otaqdan bozbaş iyi gəlirdi. Xanım yeməyi radiatorun üstündə qızdırırdı. Ən pisi odur ki, radiatorun «vilka»sı da bərbad gündə idi və «vilka» ilə «razetka» bir-birinə məftillə bağlanmışdı. Mən o xanımın xətrinə dəymədim, çünki onun bu məsələdə günahı yoxdur. Günahkar bu şəraiti yaradandır». Cavid Qurbanov əlavə edib ki, cəmiyyətin fəaliyyətində tam şəffaflığın yaradılmasına nail olmaq istəyir: «Artıq mal-materialın alınmasında olan nöqsanların, pozuntuların kökünü kəsmişik. Yol ayrıcını 29 min manata alıb, 56 min manata rəsmiləşdirirdilər. Bunun kökünü kəsmək üçün nəzarəti sərtləşdirmişik. Tender proseduru keçirilmədən bir dənə də olsun kənardan mal-material gətirilə bilməz». Gördüyünüz kimi, «Azərbaycan Dəmir Yolları»nın sədrinin yuxarıda qeyd etdiyi nöqsanlar əvvəlki rəhbərliyin, daha dəqiq desək, hazırda nəqliyyat naziri Ziya Məmmədovun müavini vəzifəsində təmsil olunan Arif Əsgərovun QSC-nin rəhbəri olduğu dönəmlərdə ciddi qanun pozuntusuna rəvac verdiyini deməyə əsas verir. Bundan başqa, Cavid Qurbanov bir müddət əvvəl də Arif Əsgərovun ünvanına ad çəkməsə də, sərt tənqidlər səsləndirib. Belə ki, hələ təyinatının ilk günlərində mediaya açıqlamasında o, əvvəlki rəhbərliyi tənqid etmişdi. QSC sədrinin ilk açıqlamasında 12 min qatarı və 2000 km dəmir yolunu dəyişdirməli olduğunu deməsi isə Arif Əsgərovun bu illər ərzində ayrılan pulları hara xərcləməsi barədə haqlı suallar yaradıb. Məhz bu mövzu ilə bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la paylaşan məlumatlı şəxsin sözlərinə görə, Cavid Qurbanovun son açıqlaması bir daha onu təsdiq edir ki, Arif Əsgərovun rəhbərliyi dövründə «Azərbaycan Dəmir Yolları» QSC-də külli miqdarda yeyintiyə yol verilib: «Cavid Qurbanovun son açıqlamasında kifayət qədər ciddi məqamlara toxunulub və bütün bunlar aidiyyəti qurumlar tərəfindən ən incə detallarınadək obyektiv şəkildə araşdırılmalı, Arif Əsgərovun rəhbərliyi dövründə «Azərbaycan Dəmir Yolları» QSC-də yaşanan olaylara hüquqi qiymət verilməlidir. Hamıya məlumdur ki, məhz Cavid Qurbanovun gəlişindən sonra «Azərbaycan Dəmir Yolları» QSC-də köklü dəyişikliklərə imza atılıb, Arif Əsgərovun zamanından qalmış problemlərin bir qismi öz həllini tapıb, dəmiryolları xətləri dəyişdirilib, ən müasir qatarlar alınıb, dəmiryolçuların narazılıqları azalıb. Odur ki, indi Arif Əsgərovun zamanında yol verilən yeyinti faktları ilə bağlı ciddi və genişmiqyaslı araşdırma aparmağın vaxtı çatıb». Bu arada, nəqliyyat naziri Ziya Məmmədovun müavini, həmçinin onun sağ əli, ən etibarlı kadrı kimi tanınan Arif Əsgərov bu günədək müxtəlif mühim postlarda təmsil olunduğunu və əlinə düşən ilk fürsətdə öz adamlarını ən önəmli vəzifələrə gətirməyi bacardığını iddia edən mənbə bildirir ki, Cavid Qurbanovun sözügedən açıqlamasından sonra Arif Əsgərovun rəhbərliyi dövründə «Azərbaycan Dəmir Yolları» QSC-dəki 48 milyon manatlıq yeyintilə bağlı mütləq araşdırma aparılmalıdır: «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanovun «Yol ayrıcını 29 min manata alıb, 56 min manata rəsmiləşdirirdilər» deməsi məhz ona dəlalət edir ki, Arif Əsgərovun zamanında adıçəkilən QSC-də külli miqdarda yeyintiyə yol verilib. Bildiyiniz kimi, o zaman Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının «Azərbaycan Dəmir Yolları» QSC-də əməliyyat tədbirləri keçirmiş və nəticədə iri maliyyə fırıldağında əli olan, 48 milyon manatlıq yeyintidə ittiham olunan qurumun marketinq şöbəsinin rəisi Rahib Hüseynov həbs edilmişdi. Deyilənlərə görə, Arif Əsgərovun yaxın qohumu, bacısı oğlu olan Rahib Hüseynovun maliyyə fırıldaqları nəticəsində 50-yə yaxın sahibkara ciddi ziyan dəyib. Onu da qeyd edim ki, bu fırıldaqda bilavasitə Arif Əsgərovun oğlu Elnar Əsgərovun da iştirak etdiyi bildirilir. Qeyd olunur ki, hüquq-mühafizə orqanları bu məsələnin də izinə düşdükdən sonra «Azərbaycan Dəmir Yolları QSC-nin sabiq sədri Arif Əsgərov oğlunu sudan quru çıxarmaqdan ötrü bacısı oğlu Rahib Hüseynovu qurban verib. Lakin bu dəfə vəziyyət tamam fərqlidir. Deyilənlərə görə, Cavid Qurbanovun son açıqlamasından sonra yuxarılarda Arif Əsgərovun məsələsi ciddi şəkildə müzakirə olunur. Bildirilir ki, tezliklə onun fəaliyyəti ən incə detallarınadək araşdırılacaq. Bu araşdırmanın sonu isə nəqliyyat nazirinin müavininin həbsilə yekunlaşa bilər. Görünən odur ki, bu dəfə Ziya Məmmədov ən etibarlı kadrlarından biri olan Arif Əsgərovu xilas edə bilməyəcək». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net