Şəmkir DYP-nin “cəza tədbirləri”
Tarix: 10-05-2016, 10:22 | Çap et
Şəmkir DYP-nin “cəza tədbirləri”
Qəzetimizin 03.05.2016-cı il tarixli sayında “Şəmkir DYP bölməsindən rüşvət tələbləri” sərlövhəli tənqidi yazı dər olunmuşdu. Qeyd edək ki, həmin yazının əsasında, Şəmkir rayon sakini Abdullayev Anar Tahir oğlunun redaksiyamıza təqdim etdiyi şikayət ərizəsində əks olunmuş faktlar durmuşdu. Öz ərizəsində Anar Abdullayev bildirmişdi ki, Şəmkir DYP-nin Nazim Abdullayev adlı əməkdaşı onun avtomobilini əsassız olaraq, cərimə meydançasına aparmış və indi də maşını geri qaytarmaq üçün odan 400 manat məbləğində rüşvət tələb edir. Həm də ərizədə xüsusi olaraq vurğulanırdı ki, bu əməkdaş tərəfindən şikayətçinin əsassız olaraq saxlanılması və onda pul tələb edilməsi halları əvvəllər də dəfələrlə baş verib: “Yazaraq sizə bildirmək istəyirəm ki, Şəmkir Rayon Polis Şöbəsinin Yol Polis Bölməsinin əməkdaşı Abdullayev Nazim dəfələrlə, heç bir qayda pozuntusu olmadığı halda məni saxlayıb. Sonuncu dəfə 24.04.2016-cı il tarixində idarə etdiyim VAZ 21015 markalı, 57 BZ 619 dövlət nömrə nişanlı avtomobillə məni saxlayaraq, maşını əlimdən alıb cərimə meydançasına aparıb. Dəfələrlə yanında olmağıma baxmayaraq, mənə bildirir ki, avtomobili idarə edən zaman guya ki, içkili olmuşam. Bu əsassız bəhanə ilə də məndən 400 manat pul tələb edir. Mən isə ondan tələb edirəm ki, əgər içkili olmuşamsa, mənə həkim müayinəsinin rəyini və tərtib olunmuş cərimə protokolunu verin, mən də cəriməni dövlətin büdcəsinə ödəyim. Lakim mənə heç bir sənəd təqdim etmirlər. Xahis edirəm ki, Şəmkir rayon Yol Polisinin işçilərinin bu özbaşına hərəkətlərinə son qoyulmasına və mənim avtomobilimin cərimə meydançasından çıxarılaraq mənə qaytarılmasına köməklik göstərəsiniz. Məlumunuz edirəm ki, Nazim Abdullayevin məndən qanunsuz olaraq pul tələb etməsi faktını təsdiq edən səs yazması da, dəlil olaraq məndə vardır”.

Eyni zamanda da məqalədə biz qeyd etmişdik ki, bizimdovr.az-a başqa mənbələr tərəfindən təqdim olunan açıqlamalarda da Şəmkir Rayon Poli Şöbəsinin Dövlət Yol Polisi bölməsinin fəaliyyətində yer almış ciddi qanun pozuntularından bəhs edən faktlar təqdim olunur. Belə ki, son vaxtlar bizimdovr.az-a gələn məlumatlarda Şəmkir DYP-nin əməkdaşları tərəfindən rayon ərazisindən keçən avtomobillərin saxlanılaraq sürücülərdən həyasızcasına pul tələb olunma hallarının tez-tez baş verdiyi bildirilir. Eyni zamanda da aldığımız məlumatlarda vurğulanır ki, bölmənin bütün fəaliyyətini yalnız öz mənafeyinə tabe edən Eldar Həsənovun tətbiq etdiyi üsullar artıq təkcə sürücüləri deyil, hətta onun öz tabeliyində çalışan bir çox əməkdaşları da bezdirib. İddia olunur ki, Eldar Həsənov onun müəyyən etdiyi gündəlik “plan”ı yığıb gətirə bilməyən DYP əməkdaşlarını işdən qovmaqla hədələyir. Təbii ki, işə belə yanaşma tərzi sıravi əməkdaşları da adekvat addımlar atmağa sövq edir. Nəticədə isə, qanun pozuntuları baş verir, sürücülərin hüquqları pozulur.

Dünən aldığımız yeni məlumatda isə, vətəndaş Anar Abdullayevin cərimə meydançasına salınmış avtomobili ilə bağlı insidentin nəhayət ki, öz “həllini” tapdığı bildirilir. Mənbənin deməyinə görə, şikayətçi vətəndaş sonda öz avtomobilini geri ala bilmişdir. Lakin bu, ona artıq 400 deyil, tam 600 manata başa gəlmişdir. Belə ki, Şəmkir DYP-nin rəhbərliyi mətbuata şikayət etdiyinə görə Anar Abdullayevi cəzalandırmaq və eyni zamanda da, hər ehtimala qarşı özlərini sığortalamaq qərarına gəlmişdir. Bu məqsədlə, təcili olaraq köhnə tarixlə müvafiq protokol tərtib olunmuş və sürücü “qanuni” şəkildə 400 manat cərimə ödəməli olmuşdur. Bundan başqa isə, “mənəvi təzminat” olaraq, Anar Abdullayevdən əlavə olaraq 200 manat da protokolsuz pul alınmışdır.

Yəqin, bu kimi “cəza tədbirləri”nin köməyilə Şəmkir DYP bölməsinin rəhbərliyi, bu qurumun fəaliyyətindən olunan şikayətlərin sayını azaltmağa ümid edir.

Qarşı tərəfin də mövqeyini öyrənmək istərdik.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net