Saatlı peşə liseyinin 69 yaşlı direktor əvəzinin daş yaran iştahı
Tarix: 6-04-2016, 09:18 |
Çap et
Son illər Saatlı peşə liseyinin direktor sarıdan bəxti heç gətirmir. İxtisasca “KamAZ” sürücüsü olan sabiq direktor Şahin Rəşidovun özünün dediyi kimi, direktor təyin olunanda verdiyi pulu çıxarması üçün az qala peşə liseyinin binasının divarlarını da söküb satması, təhsil ocağının bütün texnikasını hamının gözləri qarşısında talan etməsi peşə liseyinə sağalmaz yara vurdu. Ondan sonra İsmayıl Hüseynovun direktorluğu zamanı liseyin yardımçı torpaq sahələri gizli yollarla müxtəlif adamlara icarəyə verildi. İcarədən gələn pullar təkcə İsmayıl müəllimin ciblərinə axdı.
Ötən ilin avqust ayından isə peşə liseyinə 69 yaşlı Teyyub Babayev rəhbərlik edir. Rəhbərlik deyəndə ki, uzun müddət bu təhsil ocağında mavin olmuş, bütün yeyintilərdə, liseyin texnikasının, bu gün də əvəzi olmayan torna dəzgahı sexinin metallom adı ilə bütünlüklə talan edilməsində, texnikanın satılmasında, yanacaq alverində, yardımçı torpaq sahələrinin gizli yollarla icarəyə verilməsində sabiq direktorlarla əlbir olan, ötən ilin avqust ayından liseydə direktoru əvəz edən Teyyub Babayev əvvəlki direktorların ölənlərinə rəhmət oxutdurur.
Bu gün də liseydə nə bir dənə də olsun traktor, nə də maşın var. Ancaq məktəbin şagirdləri guya sürücü və mexanizator peşəsinə yiyələnirlər. Ancaq, sən demə, şagirdlər sürüş vərdişlərinə yiyələnmək üçün maşın da, traktor da “sürürlər”. Bu saxtakarlıqlara yüzlərlə litr yanacaq “sərf” olunur. Əslində isə, Teyyub Babayev rayondakı yanacaqdoldurma məntəqələrindən biri ilə əlaqəyə girərək peşə liseyinə ayrılmış yanacağı orada satdırır və pulun 70 faizinə şərik olur. Bu gün peşə liseyini bitirən məzunların valideynləri narazı halda deyirlər ki, bu liseydə 3 il təhsil alan uşaqlarımız bir dəfə də olsun maşına və traktora minməyiblər.
Hələ bu harasıdır. Teyyub müəllim ixtisasca elektrik olsa da, yol hərəkətindən dərs keçir. İxtisasca fizika müəllmi avtomobildən, rəsmxətt müəllimi isə kompyuterdən “dərs keçirlər”. Qeyri-peşə sahibləri Teyyub müəllimin səxavətindən elə-belə yaralanmayıblar. Burada bir qayda var: Əl-əli yuyar, əl də üzü. Belə olmasaydı, liseyin müəllimlərinin dərs yükü düzəlmədiyi halda, Teyyub müəllim rayonun digər məktəblərindən saathesabı işləyən müəllimləri bu təhsil ocağına cəlb etməzdi. Müəllimlər buna etiraz edəndə isə 69 yaşlı direktor əvəzi qışqıra-qışqıra deyir ki, əcəb edirəm. Gedin kimə istəyirsiniz deyin. Bəs rayon icra hakimiyyətindən abadlıq işinə pul yığında, satmaq üçün kitab göndəriləndə pulu haradan verməliyəm?
Hər gün məktəbin həyətində valideynlərlə Teyyub Babayev arasında pul üstündə dava-dalaş gedir. Liseyi bitirən məzunların diplomlarının dalınca gələn valideynlərdən 500 manat pul tələb olunur. Bunu verməyən valideynlər hələ də uşaqlarının diplomlarını ala bilməyiblər.
Ötən ilin sentyabr ayından bu günə qədər hələ bir dəfə də olsun pedaqoji şura keçirilməyib. Çünki Teyyub müəllim yaxşı bilir ki, liseyin müəllimləri ondan soruşacaqlar ki, 100 hektar yardımçı torpaq sahəsini kimə və neçəyə icarəyə verib? Deyəcəklər ki, məktəbin müəllimlərinin dərs yükü düzəlmədiyi halda, bu qədər saathesabı müəllimləri buraya niyə yığmısan? Halbuki, saathesabı “işləyən” müəllimləri” liseydə görən yoxdur. Ən başlıcası isə bu adamın 69 yaşı tamam olsa da, hansı yollarla liseydə rəhbər vəzifə tutub. Axı, mövcud qanunvericiliyə görə, pedaqoji kollektivin rəhbəri 65 yaşına qədər işləyə bilər. 65 yaşdan yuxarı o şəxs işləyə bilər ki, onun elmi dərəcəsi olsun. Teyyub Babayevin isə heç bir elmi dərəcəsi və dövlət mükafatı yoxdur. Belə yerdə “O olmasın, bu olsun” filmində deyilən bir cümlə yada düşür: “Görəsən 69 yaşlı Teyyub Babayevin nəyi və harası Təhsil Nazirliyinə və Saatlı Rayon İcra Hakimiyyəti rəhbərliyinə xoş gəlib ki, onu hələ də liseyin rəhbərliyində saxlayıblar. Axı, onun əməllərini araşdırsalar, cinayət xarakterli işlər meydana çıxacaq. Artıq Saatlı peşə liseyinin 69 yaşlı direktor əvəzinin iştahı diş altından da çıxıb.
Görəsən Teyyub Babayevə bu qanunsuz əməllərini davam etdirmək üçün daha neçə il şərait yaradılaçaq? Saatlı peşə liseyi daha neçə il yeyintinin... qurbanı olacaq? Məgər bütün bunlardan Təhsil Nazirliyi rəhbərliyinin xəbəri yoxdur?
Emin Quliyev,
Saatlı rayonu