Sakinlərlə şirkət arasında kommunal xərclər davası-ŞİKAYƏT
Tarix: 2-03-2016, 09:59 |
Çap et
Bakının Süleyman Vəzirov küçəsi 17 ünvanında 5 binadan ibarət yaşayış kompleksinin sakinləri «İdeal-İ İnşaat» tikinti şirkətindən şikayətçi düşüblər. JAM.AZ xəbər verir ki, sakinlər şirkətin bir sıra qanun pozuntularına yol verdiklərini vurğulayırlar.
Onların bildirdiyinə görə, vətəndaşlar arayış alınması, müqavilələrin dəyişdirilməsi və digər səbəbdən şirkətin ofisinə müraciət edən zaman «İdeal-İ» şirkəti onların etibarından sui-istifadə edərək, təsərrüfat xidmətləri müqavilələri imzalatdırırlar. Sakinlər qeyd edirlər ki, «İdeal-İ» şirkətinin mənzil tikintisi və kommunal-təsərrüfat xidmətlərinin göstərilməsi üçün lisenziyaya sahib olub, olmadığı məlum deyil. «Bu şirkət podratçı olduğu halda, özünü kompleksin sahibi kimi aparır. Sual edirik, müqavilələrdə bəndlər mütəmadi olaraq niyə dəyişdirilir? Nəyə görə, eyni tariflə sakinlərlə bağlanmış müqavilələrdə fərqli xidmətlər qeyd olunur? Müqavilənin bitmə tarixi, arbitraj, tərəflərin məsuliyyəti, hüquqları və digər məsələlər öz əksini tapmayıb?»
Onlar qeyd edirlər ki, «İdeal-İ İnşaat» hər kV.m üçün 40 qəpik pul yığmağa çalışır. Lakin bu rəqəmin hansı əsasla tələb olunduğu məlum deyil. Onların sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarında da qiymətin bu şəkildə olması qadağan edilir. «Şirkətin inşa etdiyi mənzillərlə bağlı bir sıra problemlər var. Kommunal xərclərin yığılmasını tələb edən şirkətin binalarında su, işıq və qaz problemlər mövcuddur. Buna baxmayaraq, borcu olan vətəndaşları çəkinmədən məhkəməyə verərək, onlara qarşı iddia qaldırır».
JAM.AZ xəbər verir ki, «İdeal-İ İnşaat» şirkəti işi o həddə çatdırıb ki, hətta kommunal borcları olan sakinləri məhkəməyə də verib. Sonuncu belə olay ötən il baş verib. Belə ki, Xətai Məhkəməsinin 21 iyul 2015-ci il tarixdə çıxardığı qətnaməyə əsasən sözügedən binanın sakinləri olan Zaur Pənahov 1624 manat, Kamal Məmmədov 1711 manat, İntizar Dinler 986 manat, Aydın Yaqubov 1050 manat, Vaqif Hüseynli 784 manat cərimələnib. Həmin pulların tutularaq, sözügedən şirkətə verilməsi qət edilib.
Qeyd edək ki, məhkəmə bu qətnaməni Kamal Məmmədov və Zaur Pənahova münasibətdə təmin edib. Üstəlik, bu zaman «İdeal-İ» MTK-nın 2010-cu ildə sakinlərlə bağladığı müqavilə əsas götürülüb. «Məhkəmə məsələləri aydınlaşdırmadan yanlış qərar verib. Ona görə ki, sakinlərlə «İdeal-İ» MMC arasında müqavilə bağlanılıb və bu zaman «İdela-i İnşaat» şirkətinin bizdən pul tələb etmək haqqı yoxdur».
Materialları araşdıran zaman o da bəlli olub ki, sakinlərlə şirkət arasında müqavilələrin bağlanılmasından sonra sənədə imza atıb, möhür vuran «Məmmədov Y.A» adlı şəxs «İdeal-İ İnşaat» MMC-də hər hansı bir vəzifə tutmayıb və hazırda da tutmur. «Müqaviləni bağlayan «İdeal-İ» şirkəti ilə «İdeal-İ İnşaat» arasında hüquqi varisliyə dair hər hansı bir sənəd yoxdur. Bundan başqa, İntizar Dinlerin isə şirkətlə ümumiyyətlə müqaviləsi olmayıb».
Sakinlər JAM.AZ-a bildirirlər ki, bu qanunsuzluqla bağlı dəfələrlə edilən müraciətlərə əhəmiyyət verən yoxdur. «Şirkətin rəhbərliyi isə deyir ki, onların yuxarıda adamları var və istədikləri qərarı çıxara bilərlər».
Xatırladaq ki, «İdeal-İ İnşaat»ın sakinlərə qarşı qaldırdığı iddia üzrə Xətai Məhkəməsi artıq qərar çıxarıb. Onlar əleyhinə çıxarılan qərardan az sonra Apellyasiya Məhkəməsinə müraciət ediblər. Lakin bu məhkəmə orqanı da qarşı tərəfin mövqelərini müdafiə edərək, şikayəti rədd edib.
Qarşı tərəfi də dinləməyə hazırıq.