Xaçmaz 1 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsində korrupsiya
Tarix: 8-02-2016, 11:17 | Çap et
Xaçmaz 1 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsində korrupsiya
Etiraf etmək lazımdır ki, cənab Mədət Quliyevin Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi vəzifəsində çalışdığı 2011-2015-ci illər ərzində bu sahədə aşkar irəliləyişlərə nail olunmuşdu. Xüsusilə penitensiar xidmətin cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, habelə nöqsanların aradan qaldırılması ilə bağlı kifayət qədər müsbət nəticələr əldə olunmuşdu. Məhz həmin illərdə penitensiar xidmətin rəhbərliyi tərəfindən şəffaflığın artırılmasına xüsusi fikir verilir, vəzifədən sui-istifadə, korrupsiya halları ilə bağlı daxil olan ərizə və şikayətlər nəzarətə götürülür və hərtərəfli araşdırılırdı. Həmçinin qeyd etmək lazımdır ki, həmin dövrdə penitensiar müəssisələrin əməliyyat aparatlarının fəaliyyəti də xeyli aktivləşmişdi.
Əlbəttə, güman etmək olmaz ki, cənab Mədət Quliyevin artıq Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyinatı ilə əlaqədar Penitensiar Xidmətdən getməsilə, onun burada başladığı mütərəqqi islahatlar da sona yetəcək. Bununla belə, son vaxtlar xidmətin bəzi cəzaçəkmə müəssisələrindən daxil olan məlumatlarda artıq yenidən həyəcan notları açıq-aşkar duyulmaqdadır. O cümlədən, bu günlərdə bizimdovr.az-a daxil olmuş növbəti şikayət ərizəsində də Penitensiar Xidmətin Xaçmazdakı 1 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinin fəaliyyətində müşahidə olunan neqativ hallardan, müəssisənin rəhbərliyi tərəfindən yol verilən ciddi qanun pozuntularından bəhs olunur. İlk növbədə daxil olan ərizədə bildirilir ki, vətəndaş Nuriyev Eyvaz Balaxan oğlu, 24 may 2012-ci il tarixində, gecə saatlarında idarə etdiyi avtomobillə piyadanın vurulması ilə nəticələnmiş yol-qəza hadisəsi törətmişdir. Belə ki, Eyvaz Nuriyev qəflətən qaçaraq avtomobil yoluna çıxmış 3 yaşlı uşağı maşınla vurmuş, nəticədə uşaq ölmüşdür. Məlumatda hadisənin təfərrüatları barədə açıqlama verilməsə də, ehtimal etmək olar ki, uşaq həmin vaxt valideynlərilə olmuş və qəfil onların nəzarətindən yayınaraq, yola çıxmışdır.

İstənilən halda, 5 oktyabr 2015-ci il tarixində vətəndaş Eyvaz Nuriyev Abşeron Rayon Məhkəməsinin hökmü ilə, cəzasını Məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmək şərtilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan sonra Eyvaz Nuriyev cəzasını çəkmək üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Xaçmazdakı 1 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Qeyd edək ki, ərizənin bundan sonrakı hissəsində yazılanlar ən azından heyrət doğurmaya bilməz. Məsələ bundadır ki, xalis korrupsiya əməlindən bəhs edən sətirlər elə ifadələrlə yazılıb ki, sanki söhbət adi, gündəlik prosedurlardan gedir. Məhz həmin sətirləri olduğu kimi təqdim edirik: “Eyvaz Nuriyev burada digər cəzaçəkənlər kimi (!) birdəfəlik 1000 (min) manat verib, hər ay da 110 manat ödəməklə, şərti azadlığa buraxılıb...” Göründüyü kimi, Xaçmaz 1 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsində məhbusların pul müqabilində evlərinə buraxılmaları adi hal kimi qəbul edilir. Lakin bundan sonra baş verənlər artıq hadisələrin gedişinə daha dramatik çalarlar qatır. Ərizədə bildirilir ki, Eyvaz Nuriyev hadisə törətdiyi zaman güclü stres keçirmiş və ağır şəkər xəstəliyinə tutulmuşdur. Bu səbəbdən də bir qədər sonra onun bir qıçı amputasiya edilmiş və hazırda, o biri ayağında da qaralma başlayıb. Ola bilsin ki, məhz bu vəziyyəti nəzərə alaraq, müəssisə rəhbərliyi onun aylıq ödənişini 110 manatdan 70 manata endirib. Buna baxmayaraq, Eyvaz Nuriyev əlinə düşən bütün pulları müalicəsinə sərf etməli olduğundan, bu ödənişi də edə bilmir. Daha sonra ərizədə deyilir: “Cəzaçəkmə müəssisəsinin Fəxrəddin adlı əməkdaşı və rəis müavini olan Asəf adlı şəxs hər ayın 16-da Eyvaza zəng vuraraq, pulu ödəməsini tələb edir, əks halda onu yenidən türməyə salınacağı ilə hədələyirlər. Eyvaz isə, 70 manatı hansı qanuna görə və məhz hansı bank hesabına ödəməli olduğunu öyrənmək istəyir...”

Qeyd edək ki, ərizəni redaksiyamıza təqdim edən mənbə, Eyvaz Nuriyevdən pul tələb edən rəis müavini Asəflə olan telefon danışığının qeydə alındığını da bildirmişdir.

Mövzuya qayıdacağıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net