Heydərova məxsus villa dağıdılmadı – Yenidən bərpa olunur…
Tarix: 16-12-2015, 09:51 |
Çap et
Bir müddət əvvəl ölkə mətbuatı Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova məxsus villanın sökülməsi ilə bağlı məlumat yaymışdı. Qısa xatırlatma üçün bildirək ki, yayılan xəbərdə Bilgəhdəki 4 mərtəbəli villanın dəyərinin 15 milyon dollar olduğu və dizaynın İtaliyalı memarlar tərəfindən verildiyi qeyd olunurdu.
NUH İnformasiya Agentliyi ( NUH.az ) isə bir neçə gün əvvəl sökülən villanın əslində Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova deyil, fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərova məxsus olduğu barədə xəbər dərc etmişdi. Xəbərdən bəlli olurdu ki, Prezidentin qəzəbindən yayınmaq və FHN şefinin nüfuzunu qorumaq üçün sökülən villanın guya Agentlik rəhbərinə məxsus olması söhbəti ortaya atılıb.
NUH.az-ın yaydığı bu xəbər az vaxtda saytlardan yığışdırıldı. Bu gün NUH.az-a daxil olan daha bir məlumata görə, guya Prezidentin tapşırığını yerinə yetirmək adı altında binanın dağıdılması görüntüsü yaradılıb, əslində isə hazırda binada yenidən və daha sürətli tikinti işləri aparılır. Villanın ətrafında güclü mühafizə yaradılıb ki, kimsə əraziyə daxil ola bilməsin, mətbuata məlumat sızmasın. Hətta villanın partladılmasını həyata keçirən şəxslərin saxlanıldığı da bildirilir.
Beləliklə, FHN şefi prezident İlham Əliyevin qoyduğu qadağaları qulaq ardına vurmaqla yanaşı güc nümayiş etdirir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.