Səlim Müslümovun idarəsində narazılıq
Tarix: 25-11-2015, 11:07 |
Çap et
Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunandan sonra öz komandasını formalaşdırmağa başladı. Daha doğrusu, Dövlət Sosial Müdafiə Fondunun sədri işləyərkən yaratdığı komandanın üzvlərinin bir neçəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) transfer etdi. Həmin şəxslərdən biri də nazirliyin Dövlət Sosial Təminat Xidmətinin (DSTX) rəisi Çingiz Əliyevdir. Qeyd edək ki, Çingiz Əliyev bu vəzifəyə qədər Dövlət Sosial Müdafiə Fondunun hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin direktoru işləyirdi. Səlim Müslümovun nazir təyin olunması bu şəxsin karyera yolunu daha da genişləndirdi. Deyilənə görə, o, nazirliyin aparat rəhbəri Əjdər Cəbiyevin xeyir-duası ilə xidmət rəisi vəzifəsinə yüksəlməyi bacardı. Amma Dövlət Sosial Təminat Xidmətinin fəaliyyəti haqda o qədər də yüksək fikirlər səsləndirmək mümkün deyil. Axı erməni ilə dostluq əlaqəsi saxlayan birinin çalışdığı dövlət xidmətinin hansı fəaliyyətindən danışmağa dəyər? Bəli, düz eşidirsiniz. Dövlət Sosial Təminat Xidmətində sosial yardımların təşkil olunması sektoruna rəhbərlik edən Salam Rzayev erməni Qriqorla sosial şəbəkələr vasitəsilə əlaqə saxlayır. Nə var, nə var onlar tələbə yoldaşı olublar. Bu barədə bir qədər sonra danışacağıq. Bayaq vurğuladığımız kimi, DSTX-nin fəaliyyətində kifayət qədər problemlər mövcuddur. Hərçənd ki, oktyabrın 22-də Dövlət Sosial Təminat Xidmətinin bu ilin 9 ayında gördüyü işlərə həsr olunmuş hesabat iclasında həmin nöqsanlara toxunulmadı. Hesabat məruzəsi ilə çıxış edən xidmət rəisi Çingiz Əliyev bildirdi ki, şəffaflığın və ünvanlılığın təmin olunmasına ciddi nəzarət nəticəsində dövlət sosial yardımı alan ailələrin sayı 9 ayda 16,7 faiz azalıb, hazırda 498410 nəfər ailə üzvünü əhatə edən 114050 ailəyə hər ay orta hesabla 153 manat ünvanlı sosial yardım ödənir. Xidmət rəisi bildirib ki, prezidentin 20 iyun 2014-cü il sərəncamına uyğun olaraq müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri uğurla yerinə yetirilir: "Bu ilin ötən dövründə 150-dən çox müharibə əlili və şəhid ailəsi yeni mənzillə təmin olunub. Müharibə əlilləri və onlara bərabər tutulanların minik avtomobilləri ilə təminatında da mühüm addımlar atılır. Ümumilikdə indiyədək dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin olunan 5650 nəfər imtiyazlı şəxsin 32,4%-nə, yəni 1833 nəfərinə maşın keçən il və cari ilin ötən dövründə təqdim edilib". Xidmətin fəaliyyəti ilə bağlı olan real mənzərə isə rəisin hesabatı ilə uyğun gəlmir. Aparılan araşdırmalar göstərir ki, DSTX əhalinin aztəminatlı təbəqələrinin, tək ahıl vətəndaşların, sosial reabilitasiyaya xüsusi ehtiyacı olan şəxslərin sosial müdafiəsi tədbirlərini istənilən səviyyədə həyata keçirə bilmir. Nazirliyin keçmiş rəhbərliyinin dövründə ciddi problemə çevrilmiş ünvanlı sosial yardımlar hazırda da qalmaqallı məsələlərdən hesab edilir. Dövlət tərəfindən bu sahədəki problemlərin həllinə kifayət qədər diqqət ayrılsa da, istənilən müsbət nəticələr qeydə alınmayıb. Araşdırmalara əsasən, aztəminatlı ailələrə verilən sosial təminatda rayonlarla müqayisədə bəzi uyğunsuzluqlar mövcuddur. Müvafiq rəqəmlərin təhlili göstərir ki, ünvanlı sosial yardımlar təyin edilərkən ədalət prinsipi nəzərə alınmır. Əldə etdiyimiz bilgilərə görə, Çingiz Əliyev xidmət rəisi təyin olunandan sonra müharibə əlillərinin də sosial müdafiəsi xeyli zəifləyib: "Cənab prezident ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Bu barədə prezidentin sərəncamında 2014-cü il yanvar aynın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 5731 nəfər bu kateqoriyadan olan şəxslərin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub. Bu kateqoriyadan olan vətəndaşların mənzillə təmin olunması məsələsində şəffaflıq gözlənilmir. Nazirliyə təqdim olunan siyahıya elə şəxslərin adı salınır ki, onların əlilliklə heç bir əlaqəsi olmur. Bəzi hallarda yerli icra orqanları mənzil müqabilində vətəndaşlardan nəysə umurlar. Dövlət Sosial Təminat Xidmətinin əməkdaşları belə hallara qarşı mübarizə aparmaq əvəzinə, insanların hüquqlarının pozulmasına şərait yaradırlar. Müharibə əlillərinə avtomobillərin paylanmasında da qanun pozuntuları mövcuddur". İndi isə qayıdaq Salam Rzayevlə bağlı olan məsələyə. Qəzetimizin əvvəlki saylarında sektor müdirinin Qriqor adlı erməni ilə sosial şəbəkələr vasitəsilə yazışması, dostluq münasibətinin olması barədə tənqidi yazılar dərc etmişdik. Buna baxmayaraq, DSTX-nin rəisi Çingiz Əliyev hələ də bu məsələyə münasibət bildirməyib. Durumla bağlı nazir Səlim Müslümova da müraciət etdik, amma ondan da səs çıxmadı. Bu şəxslərin sərgilədiyi münasibət göstərir ki, erməni Qriqorun dostu Salam Rzayev nəinki DSTX-də, bundan böyük vəzifələrdə də çalışmağa layiqdir. Biz isə bir şeyi bilirik ki, ermənidən heç vaxt azərbaycanlılara xeyir gəlməyib və gəlməyəcək də. Çingiz Əliyev, Salam Rzayev bunu bilmirsə, Xocalıda xalqımızın başına gətirilən müsibətləri bir daha nəzərdən keçirsinlər. Qarşı tərəflərin də mövqeyini dərc edə bilərik.
Vertikal.az