Lənkəranda sahibkarın başına kimlər oyun açır? (SƏNƏDLƏR)
Tarix: 11-11-2015, 09:40 |
Çap et
Lənkəranda yaşayan sahibkar Əlizakir Mövsümzadə 10 saylı Dövlət Reyestrinin Ekspetiza bölməsinin rəisi Mübariz Kərimov tərəfindən süründürməçiliyə məruz qalması ilə bağlı Vertikal.az-a müraciət edib.
O bildirib ki, M. Kərimov ona məxsus olan obyektlərin çıxarışını vermir, əsassız iddialar irəli sürür: “15 il bundan qabaq şəhərin mərkəzində gözəllik salonu və başqa obyektlər açmışam. İndi tikilmiş obyektlərin aktını tərtib edib şəhər Memarlıq şöbəsinə müraciət etmişəm. Komissiyanın siyahısında nəzərdə tutulan 15 instansiyanın hər birindən keçərək sənədləri almışam. 10 saylı Dövlət Reyestrinin rəisi Mübariz Kərimov mənə deyir ki, Əmək Müfəttişliyindən də sənəd almalısan. Halbuki komissiyanın siyahısında Əmək Müfəttişliyinin adı yoxdur.
Bundan əlavə, rəis məndən tikilmiş obyektlərin sənədlərinin originalını yox, kopyasını tələb edir. Deyir ki, bu kopyalar Bakıya göndəriləcək, təxminən 20 günə cavab gələr. Məqsəd möhürləri yoxlamaqdırsa, o zaman original sənədlər əvəzinə, niyə kopyalarını istəyirsiniz?
Torpağımda tikilən obyektlərdən biri bankın girovluğundadır. Bəhanə edir ki, torpaq bankda girovdadırsa, sənə çıxarış verə bilmərik. Bunlar mənim sənədlərimi əsassız yerə qəbul etmirlər. İndi mən obyektlərimi arendaya vermək istəyirəm. Müştərilər haqlı olaraq obyektlərin tex- pasportunu tələb edir, bunlar da çıxarış vermədiyi üçün müştərilərimi itirirəm.
Ölkə başçısı da bu yaxınlarda çıxışlarının birində sahibkarlara yerlərdə yaradılan süni maneələrdən danışmışdı. Bu sahəyə diqqət yetirildiyi bir zamanda bölgələrdə bir sıra səlahiyyət sahibləri yenə də sahibkarların fəaliyyətinə müdaxilə edir, onları süründürməçiliyə məruz qoyur. Mən ölkə başçısına Mübariz Kərimovun qanunsuz əməlləri ilə bağlı müraciət etmişəm. Hesab edirəm ki, bu şəxslər barəsində tezliklə müvafiq tədbirlər görüləcək”.