Səhiyyə Nazirliyinin qadağan etdiyi dərmanları kimlər rahatlıqla sata bilir
Tarix: 15-07-2015, 16:45 | Çap et
Səhiyyə Nazirliyinin qadağan etdiyi dərmanları kimlər rahatlıqla sata bilir
"Təəssüflə qeyd etmək istəyirəm ki, dərman bazarı müəyyən dərəcədə nəzarətdən kənar qalıb. Bu, dözülməz haldır. Bizə məlum oldu ki, bu sahədə çox ciddi pozuntular, uyğunsuzluqlar var". Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin toplantısında demişdi. Ölkə başçısı dərman bazarında qiymətlərin baha olmasından narazı olduğunu bildirmişdi: "Mənim narazılığım dərman preparatlarının baha olması ilə bağlı idi. Bəzi hallarda dərmanlar apteklərdə 10 dəfə artıq qiymətə satılır. Bu sahədə özbaşınalıq və anarxiya hökm sürür. Mən Səhiyyə, İqtisadiyyat və Sənaye nazirliklərinə göstəriş vermişəm. Yeni mexanizm işlənilir. Ümid edirəm ki, bir neçə aydan sonra insanlar bunu öz həyatlarında hiss edəcək".

Xatırladaq ki, ölkə rəhbəri bu ilin aprel ayının 4-də "Dərman vasitələri haqqında" Qanunun tətbiqi barədə fərmana dəyişiklik etdi. Yeni fərmana əsasən dərmanlar vahid qiymətə olacaq. Fərmanda qiymətlərin tənzimlənməsinin üç ay müddətində təmin edilməsi tapşırılıb. İyunun 3-də isə baş nazir Artur Rasizadə dərmanlara vahid qiymət qoyulması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən dərmanlar Azərbaycanın bütün apteklərində vahid qiymətə satılacaq və dərman qutularının üzərində onların qiyməti göstəriləcək. Hesablama üçün 10 ölkədəki qiymətlər nəzərə alınıb. Bu ölkələr Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniyadır. Hələlik ölkə ərazisində fəaliyyət göstərən apteklərdə dərmanların vahid qiymətlə satılmasına rast gəlinmir. Aparılan araşdırma və müşahidələr göstərir ki, bəzi aptek şəbəkələrinin sahibləri süni qiymət artımına davam etməklə bu sahədə həyata keçirilən islahatların səmərə verməsinə maneçilik törədirlər. Bildiyiniz kimi, ölkəmizin dərman bazarı bir neçə iri şirkət tərəfindən idarə olunur. Belə ki, neçə illərdir bazarda hegemonluq edən dərman şirkətləri qiymət məsələsində öz bildikləri kimi hərəkət edir və müvafiq qanunları pozmaqdan çəkinmirlər. Dərman bazarında böyük paya sahib olan firmalardan biri də "Loğman Farm" şirkətidir. Bildirmək istəyirik ki, şirkətin fəaliyyəti barədə indiyə qədər mətbuat səhifələrində müxtəlif səpkili ittihamlar səsləndirilib. Hətta bir neçə dəfə aidiyyəti dövlət qurumlarının əməkdaşları bu şəbəkəyə daxil olan aptek məntəqələrində yoxlama apararaq qanunsuzluqları aşkara çıxarıblar. Amma kimlərinsə himayəsi sayəsində "Loğman Farm" firması və ona tabe olan apteklər fəaliyyətini davam etdirməyi bacarıb. Yeri gəlmişkən vurğulayaq ki, Səhiyyə Nazirliyi bir müddət əvvəl tibbdə istifadəsi qadağan edilmiş dərman preparatlarının siyahısını açıqlayıb. Nazirliyin saytında yayılan məlumata görə, siyahıda 170-ə yaxın dərman preparatının adı var. Saytda yazılıb ki, nazirliyin İnnovasiya və Təchizat Mərkəzinin Analitik Ekspertiza Məhdud Məsuliyyətli Cəmiyyətində laboratoriya müayinəsindən keçirildikdən sonra bu dərmanların istifadə üçün yararsız olduğu məlum olur. Siyahıda göstərilən preparatlardan eyni adlı, lakin fərqli seriyası olan dərmanlar istifadəyə yararlı hesab edilir. Özəl mənbələrdən əldə etdiyimiz məlumatlara görə, "Loğman" apteklərində Səhiyyə Nazirliyi tərəfindən satışı qadağan olunmuş, həmçinin vaxtı keçmiş dərman preparatları satılır: "Bu apteklər üzərində nəzarət demək olar ki, yox dərəcəsindədir. Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları sözügedən aptek məntəqələrində yaşanan qanuna zidd halları görməzdən gəlirlər. Nazirlik bir sıra dərman vasitələrinin reseptsiz satışına qadağa qoyub. Bu apteklərdə həmin dərmanları asanlıqla əldə etmək mümkündür. "Loğman Farm"a tabe olan apteklərdə mövcud olan əsas problemlərdən biri də psixotrop maddələrin satışı ilə bağlıdır. Məlum olduğu kimi, aidiyyəti hüquq-mühafizə orqanlarının nümayəndələri mütəmadi olaraq apteklərdə yoxlama aparır və psixotrop maddələrin satılıb-satılmadığını araşdırırlar. Görülən bütün tədbirlərə rəğmən, "Loğman" apteklər şəbəkəsinin rəhbər şəxsləri həmin maddələri satmaqdadırlar. Daha doğrusu, buna əsaslı şübhələr var. Bu apteklərdə müvafiq yoxlama tədbirləri həyata keçirilsə, hər şey aydınlığı ilə üzə çıxa bilər. Sadəcə, aptekin arxasında hansısa vəzifəli şəxsin dayanması bütün işləri alt-üst edir". Mənbənin məlumatında qeyd olunan məqamlardan biri də aptekdə çalışan işçilərin təhsili ilə bağlıdır: "Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə tələblərdə göstərilir ki, aptekin və aptek məntəqəsinin maddi-məsul şəxsi ali əczaçılıq təhsili, aptek köşkünün isə ali və ya orta əczaçılıq təhsili olan mütəxəssisi olmalıdır. Adıçəkilən aptek məntəqələrində işləyən şəxslərin yetərli hissəsinin ali və orta əczaçılıq təhsili, bu sahədə 5 il iş təcrübəsi yoxdur. Bu səbəbdən "əczaçı"lar əksər hallarda vətəndaşlara səhv dərmanlar satırlar. Təbii ki, belə olan təqdirdə müxtəlif fəsadlar üzə çıxır. "Loğman" apteklərində vaxtı keçmiş dərman məhsulları da satışa çıxarılır. Əfsus ki, Səhiyyə Nazirliyinin yetkili şəxsləri mövcud problemləri aradan qaldırmaq istəmirlər. Aptek məntəqəsində su, elektrik enerjisi təchizatının, sanitariya qovşağının, kondisioner, xüsusi əczaçılıq soyuducusu və telefonun olması vacibdir. Lakin söhbətini etdiyim aptek məntəqələrinin bir neçəsində bunların heç biri yoxdur. Bir sözlə, "Loğman" apteklərinin fəaliyyəti nöqsanlarla zəngindir. Təəssüf ki, buna fikir verən yoxdur".

Ümidvarıq ki, Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin səlahiyyətli nümayəndələri tezliklə sözügedən apteklərdə yoxlama aparacaq və qanunsuzluqların qarşısını alacaqlar.

Mövzu ilə bağlı "Loğman Farm" şirkətinin rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.

P.S Növbəti sayımızda "Səhiyyə Nazirliyinin hansı vəzifəli şəxsi dərman bazarını müdafiə edir?" yazısı dərc olunacaq.





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net