“Akkord” ASC – parçalanma, yoxsa genişlənmə
Tarix: 9-07-2015, 09:47 | Çap et
“Akkord” ASC – parçalanma, yoxsa genişlənmə
Artıq bir neçə ildir ki, ölkə mətbuatında bəzi qurum və təşkilatlar tərəfindən şübhəli maliyyə əməliyyatlarının aparıldığına dair dərc olunan materiallarda “Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası” ASC-nin də adı tez-tez hallandırılır. Bir çox mənbələr isə, təkcə ötən iki il ərzində “Akkord” şirkətində mənimsənilmiş məbləğin 20 milyon manat civarında olduğunu iddia edirlər. Bu xüsusda yayımlanan məlumalara görə son üç ildə şirkət Azərbaycan Beynəlxalq Bankından yarım milyard manatdan çox kredit götürərək bölgələrdə müxtəlif layihələr başlayıb. Bu kreditlər baş direktor Xəqani Quluzadə, onun tikinti üzrə müavini Elçin Bədəlov, su-kanalizasiya departamentinin rəhbəri Fariz Cəmilli və istehsalat departamentinin direktoru Kamil Hüseynov tərəfindən mənimsənilib. Kreditlərin qaytarılması məsələsi gündəmə gələndə isə şirkət çətin vəziyyətə düşüb. Bundan sonra “Akkord”un əsas səhmdarı İlqar Hacıyev Almaniyadan gətirilib və ona şirkətin problemlərini “həll etmək” və belə vəziyyətin yaranmasında təqsirkar olan şəxsləri cəzalandırmaq tapşırılıb. Mənbələr həmçinin belə bir məqamı da vurğulayırlar ki, əslində mənimsəmə halları “Akkord” üçün hər zaman xarakterik olub. Sadəcə olaraq, işlərə İlqar Hacıyevin bilavasitə nəzarət etdiyi vaxtlarda, bütün bu maxinasiyalara az-çox qanuni don geyindirmək və onları gizli saxlamaq mümkün olub. Məsələn, bir neçə il bundan əvvəl mətbuat səhifələrində yayımlanmış bir kiçik xəbərə diqqət edək: “Bakının “Gənclik” metro stansiyası yaxınlığında keçmiş uşaq dəmiryolu ətrafında tikilmiş “gecəqondular”ın köçürülməsi 10 milyon manata başa gəlib. Bu barədə ərazidə iri yol-körpü-tunel layihəsi həyata keçirən “Akkord” şirkətinin korpü-tunel tikinti departamentinin direktoru Aslan İsmayılov məlumat verib. Onun sözlərinə görə, layihə ərazisinə düşən park abadlaşdırılaraq yenidən qurulub və bu zaman parkdakı “gecəqondu” evlərin hamısı sökülüb, onların sahiblərinə kompensasiya ödənilib. Belə evlərin sahibləri ümumilikdə 10 milyon manatdan artıq kompensasiya alıblar. Onlara kompensasiyalar evin hər kvadratmetrinə görə 1500 manatdan ödənilib...” Bu iddialardan belə çıxır ki, göstərilən ərazidə mövcud olmuş evlərin ümumi sahəsi 7000 kvadratmetrə yaxın olub. Başqa sözlə desək, hər birinin 70 kvm-lik sahəsi olan 100 ev. Hər halda həmin ərazidən keçmiş insanlar oralarda belə bir “qəsəbənin” heç zaman olmadığını yaxşı bilirlər. Amma kompensasiyaların silinməsi üçün “Akkord” rəhbərliyi tərəfindən hansı tədbirlərin həyata keçirildiyi uzun müddət üstüörtülü saxlanıla bildi. Lakin Beynəlxalq Bankla yaşanan problemlərdən sonra artıq İlqar Hacıyevin də “səhnədən getmə” vaxtı çatmış oldu. Və beləliklə bir müddət sonra “Akkord” üzərində nəzarət “VIP Estate” MMC-yə keçdi. Təbii ki, şirkətin yeni sahibləri bu tikinti nəhənginin artıq öz simasını itirdiyini görməyə bilməzdilər. Bəlkə elə məhz bu səbəbdən də tezliklə “Akkordun” müstəqil şirkətlərə parçalanması prosesinə start verildi. Hələ ötən ilin may ayında “Akkord” korporasiyası artıq bir neçə müəssisənin strukturundan çıxdığını elan etmişdi. Vergilər Nazirliyinin məlumatına görə, “Akkord” korporasiyasından aasfalt zavodu və metal konstruksiya istehsalı müəssisəsi ayrılaraq, “Akkord Asfalt” MMC və “Akkord Steel Construction Company” MMC yaradılmışdı. Bir neçə gün bundan əvvəl yayımlanmış yeni məlumatda isə artıq “Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Körpülərin və tunellərin inşası üzrə Departamentinin də qurumdan ayrılaraq müstəqil şirkətə çevrildiyi bəyan olundu. Maraqlıdır ki, dövlət qeydiyyatından “Körpü Tunel Tikinti” MMC kimi keçmiş yeni müəssisəni direktoru vəzifəsinə də məhz Departamentin keçmiş direktoru, adı “Gənclik gecəqonduları” ilə bağlı maxinasiyalarda daha çox hallanan Aslan İsmayılov təyin edilib.





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net