M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindəki olaylar
Tarix: 6-06-2015, 06:47 | Çap et
M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindəki olaylar
Artıq səhiyyə sistemindəki nöqsanlar, qanunsuzluqları, daxil olan şikayətləri demək olar ki, qəzetimizin hər sayında sizlərin diqqətinə çatdırırıq. Bu gün ölkəmizdə 32 min həkim, 58 min orta tibb işçisi var.

Eləcə də, 500-dən artıq xəstəxana, 1700-ə yaxın ambulatoriya-poliklinika müəssisəsi mövcuddur. Verilən bilgilərə görə tibb müəssisələrinin çoxu müasir tibbi avadanlıqlarla təchiz edilib. Digər tərəfdən, son illər büdcədən ölkə səhiyyəsinə ayrılan vəsait ilbəil artırılır. Konkret rəqəmlərlə desək, ölkəmizin səhiyyəsinə 2006-cı ildə 162 milyon, 2007-ci ildə 257,2 milyon, 2008-ci ildə 346,2 milyon, 2009-cu ildə 402,4 milyon, 2010-cu ildə 402,4 milyon, 2011-ci ildə 493,4 milyon, 2012-ci ildə 609,4 milyon, 2013-cü ildə 618,9 milyon, 2014-cü ildə isə, 725,6 milyon manat vəsait ayrılmışdır. 2015-ci il üçün isə dövlət büdcəsindən səhiyyə xərcləri üçün ayrılan vəsait 777,7 milyon manat olmuşdur. Yəni 2014-cü illə müqayisədə 52,1 milyon manat və yaxud 7,2 faiz, 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə isə, 158,7 milyon manat və yaxud 25,6 faiz artıq məbləğ deməkdir. O zaman sual olunur: Bəs niyə ölkəmizdə səhiyyənin keyfiyyəti acınacaqlı durumdadır? Bəs niyə insanlarımız müalicə olunmaq üçün xarici ölkələrə üz tutur? Niyə imkanlılarımız müalicə üçün Avropaya, orta təbəqə Türkiyəyə, yoxsul insanlar isə İrana üz tutur? Hətta müalicə üçün xaricə üz tutanlar arasında Səhiyyə Nazirliyinin rəhbər vəzifəli şəxsləri də var. Statistik bilgilərə görə hər il Azərbaycandan yüz minlərlə insan İrana gedir. Və onların 75-80 faizi müalicə üçün gedənlərdi. Səbəblər isə, müxtəlifdir. Kimisi həkimlərdən, kimisi isə qiymət baxımından şikayətçidir. Həmçinin həkimlərə olan inam da qalmadığından hazırkı vəziyyət yaranıb. Bu gün yenidən səhiyyə mövzusunu işıqlandırmağımızda məqsəd daha bir tibb ocağı ilə bağlı daxil olan məlumatlardır. Ümumiyyətlə, artıq elə bir səhiyyə ocağı yoxdur ki, oradan redaksiyamıza şikayət daxil olmasın. Və çox təəssüflər olsun ki, daxil olan şikayətlərin əksəriyyəti dövlət xəstəxanalarındandır. Elə məhz belə xəstəxanalardan biri də M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzidir (Eksperimental Xəstəxana). Bu xəstəxana barədə bəzi mətbuat orqanlarında dəfələrlə tənqidi məqalələr dərc olunub. Xəstəxanada savadsız həkimlərin çoxluq təşkil etməsi, qiymətlərin olduqca baha, müalicə keyfiyyətinin sıfır həddində olması və digər amillər hər zaman qabardılıb. Lakin bütün bu deyilənlərə, yazılanlara baxmayaraq, sözügedən səhiyyə ocağında vəziyyət eyni olaraq qalmaqdadır. Hətta daxil olan məlumatlara, şikayətlərə əsasən deyə bilərik ki, vəziyyət əvvəlkindən də pisdir. Belə ki, xəstəxanada savadsız həkimlərin çalışdığını, dəfələrlə əməliyyatlar zamanı xəstələrin dünyasını dəyişməsini, xəstələrdən nələrinsə güdülməsini əks etdirən tənqidi yazılar mediada öz əksini tapıb. Həkimlərin xəstələrə lazımi səviyyədə xidmət göstərməməsi, işlərinə laqeydliklə yanaşmalarının nəticəsidir ki, bu gün səhiyyə ocağından hədsiz sayda şikayətlər daxil olur. Həmçinin müayinədən keçərkən, xəstə yaxınlarından nələrsə umulur ki, heç özəl tibb ocaqlarında o qədər xərc çıxmır. Deyilənə görə, Mərkəzdə həkimlər ilkin mərhələdə xəstə yaxınlarına ümid verib, bir müddət müalicə etdikdən sonra, xəstənin vəziyyəti pisləşdikdə, məsuliyyətdən yayınırlar. Halbuki, bir neçə ay xəstəni müalicə edirəm deyib, xəstə yaxınlarını soyub soğana çevirirlər. Elə bu kimi hadisələr ucabatından isə, vətəndaşlar etiraz edir, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində savadlı həkimlərin olmamasından gileylənirlər. İddialara görə, bəzən həkimləri yaxşı "baxım-görüm" edəndə, xəstəni müalicə edir və sağaldırlar da. Bu isə onu deməyə əsas verir ki, hər şey istəkdən asılıdır. Əgər bəzi həkimlər istəsələr, işlərinin öhdəsindən lazımi səviyyədə gələ bilərlər. Əslində insanlara kömək etmək, önların dərdinə şəfa tapmaq həkimlərin vəzifə borcudur. Lakin çox təəssüf ki, bəziləri bu vəzifə borcunu unudaraq, öz mənfəətlərini güdməklə məşğuldurlar. Elə məhz bu kimi halların artması ucbatından, səhiyyəmiz geriləyir. Hər nə qədər yeni avadanlıqlar alınsa da, binalar tikilib istifadəyə verilsə də.
gündəlik bakı




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net