Biləsuvarda müəllim üsyanı
Tarix: 15-05-2015, 09:40 |
Çap et
Biləsuvar rayonu İlham İsmayılov adına Ovçubərə kənd tam orta məktəbinin bir qrup müəllimi müraciət edərək direktor Şahverənova Mənsurə Gülağa qızının vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini, qanunsuz əməllər və maliyyə pozuntularına yol verdiyini iddia edirlər.
Müəllimlər yazırlar ki, 2014-2015-ci tədris ilinin əvvəlində şagird barteri və digər qanunsuz əməllər ilə məşğul olan məktəb rəhbərliyindən dövlətimizin aidiyyatı orqanlarına dəfələrlə şikayət ediblər.
"Rayon rəhbərliyi və Biləsuvar rayon Təhsil şöbəsi bizi əmin etdi ki, o bu əməllərinə görə cəzalandırılacaq. Biz rəhbərlərimizin səmimiyyətinə və verdikləri sözlərə inanaraq iddiamızı geri götürdük. Məktəb direktoru isə özünü cəzalandırmamış görüb əməllərindən ilhamlanaraq iş strategiyasını dəyişib daha kəskin qanun pozuntularına yol verməyə başlayıb.
Direktorun etdiyi özbaşınalıqlarla bağlı bir neçə fakta toxunaq: 2014-cü ildə keçirilən bələdiyyə seçkisi ərəfəsində seçki komissiyasının üzvü olan müəllimlər dərsdən azad olunduğu halda direktorun tapşırığı və təkidi ilə sinif jurnallarını özləri yazıblar. Eyni ixtisas müəllimləri buna narazılıq etsə də, direktor heç kimə məhəl qoymadan bu dərsləri maaş cədvəlində öz bildiyi kimi yerləşdirib, həmin dərslərin pulları direktor tərəfindən mənimsənilib"-deyə müəllimlərin müraciətində bildirilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən məktəb rəhbərliyinə tövsiyə olunub ki, şagird-məzun sisteminə daxil edilən şagirdlərin pasportu olmalıdır.
Müraciətdə yazılana görə, direktor bundan istifadə edərək pasportun alınması üçün məktəbdə hər şagirddən məcburi şəkildə 10 manat pul alır. Bu proses hazırda da davam edir.
"Məktəbimizdə bölünmə dərslərin keçirilməsi üçün sinif otaqlarının çatmadığı halda direktor sinif otağının birini zəbt edərək dükan açıb, şəxsi bizneslə məşğuldur. Biz bu özbaşınalığa iradımızı bildirəndə direktor bizə "mən yuxarılara haqq verirəm, onlar da mənimlə hesablaşırlar" deyə cavab verir.
Xahiş edirik ki, bizim iştirakımızla müvafiq dövlət qurumları direktorun son 5 illik əmək fəaliyyətini yoxlasın"-deyə müraciətdə vurğulanır.
Şikayətçilər bildirir ki, onların müraciəti əsasında bu məsələlərin araşdırılması Biləsuvar rayon İcra Hakimiyyətinə və Təhsil Şöbəsinə tapşırılıb. Təhsil Şöbəsinin əməkdaşları bu ilin mart ayının əvvəlində məktəbə gələrək araşdırma aparıb, bütün faktlar öz təsdiqini tapıb.
"Bundan sonra Biləsuvar rayon Təhsil Şöbəsinin rəhbərliyi 18 mart 2015-ci il tarixində keçirdiyi şurada məktəbimizin direktoru Şahverənova Mənsurə Gülağa qızının iş prosesində buraxdığı ciddi nöqsanlara, qanunsuz əməllərinə və maliyyə pozuntularına görə tutduğu vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib. Bu qərarın Təhsil Nazirliyinə göndəriləcəyini və şikayət etmiş vətəndaşlara nəticəsi barədə cavab veriləcəyini bildirib.
Çox təəssüflər olsun ki, 10 gündən artıq müddətin keçməsinə baxmayaraq bu günə kimi bizə heç bir məlumat və cavab məktubu gəlməyib. Hazırda bu insan yenidən öz direktor fəaliyyətini davam etdirir.
Bir daha qanunlarımızın aliliyi naminə yenidən aidiyyatı orqanlara müraciət edərək bildirmək istəyirik ki, bizim şikayətimiz yenidən araşdırılsın. Biz çox gözəl bilirik ki, möhkəm dövlətçiliyimizi təcəssüm etdirən ali qanunlarımız qarşısında hamımız bir əsgərik. Bu qanunlara əməl etməyən, bu qanunları şəxsi maraqları naminə pozan bir insan haqqında ölçü götürməyinizi xahiş edirik"-deyə müraciətdə bildirilir.
Müraciət sözügedən məktəbin müəllimləri Qalabəy Əmirov, Rasim Nəzərov, Namiq Qəhrəmanov, Rasim Əmirov, Şahin İsmayılov, Sevinc Məmmədova və Səma Məmmədova tərəfindən imzalanıb.