İbad Abbasovun universitetində «qayıb biznesi»-ŞİKAYƏT
Tarix: 24-04-2015, 11:45 | Çap et
İbad Abbasovun universitetində «qayıb biznesi»-ŞİKAYƏT
Bakı Biznes Universitetində (BBU) təhsil alan tələbələr buranı özəl təhsilimizin üz qarası adlandırırlar. Əslində, tələbələrə bu fikirdə haqq qazandırmaq olar. Çünki özəl təhsil sektorunda müşahidə edilən çoxsaylı problemlərin əsas yaradıcılarından biri də məhz BBU-dur. 1993-cü ildən fəaliyyət göstərən təhsil müəssisəsi 22 il ərzində təhsilimizin inkişafına heç nə ilə yardım edə bilməyib. Əksinə, universitetdə qeydə alınan xoşagəlməz hadisələr təhsil sisteminə sarsıdıcı zərbə vurub. Diqqətinizə çatdırmaq istərdik ki, İbad Abbasovun rektoru olduğu universitetin adı qalmaqallı olaylardan əskik olmur.

Ötən dövrdə məlumat yayıldı ki, Bakı Biznes Universitetinə testdən kənar yollarla onlarla tələbə qəbul edilib. Çox təəssüf ki, rektor dayaqlarının köməyi ilə barəsində yazılanların «yalan» olduğunu sübut edə bilib. O söyləyib ki, rəhbərlik etdiyi təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) imtahanlarından kənar bir nəfər belə olsun qəbul edilməyib. Bəziləri rektorun səmimiyyətdən uzaq açıqlamasına inansa da, biz inanmadıq. Çünki qısa araşdırmalar nəticəsində universitetə hər il TQDK tərəfindən ayrılan plan yeri ilə tələbələrin sayının uyğun gəlmədiyini müəyyən etmək elə də çətin iş deyil. Rektor nə qədər özünü müdafiə etməyə cəhd göstərsə də, xeyri yoxdur. Belə ki, Bakı Biznes Universitetinin adı artıq reytinqi aşağı olan ali məktəblərin sırasına düşüb. Və çox güman ki, hələ uzun illər aşağı reytinqli universitet olaraq qalacaq. Müxtəlif yerli təhsil təşkilatlarının keçirdiyi sorğularda universitetin adı həmişə alt yerlərdə qərarlaşır. Bu təhsil ocağı bizə daha çox hazırda fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetini (ABU) xatırladır. Təhsil Nazirliyi ABU-nun lisenziyasını ləğv etsə də, İbad Abbasov bundan nəticə çıxarmır. O, BBU-nun qeyri-qanuni işlərin ocağına çevrilməsinə sanki şərait yaradıb. Təhsil ocağı bərbad vəziyyətdədir. Ali məktəbdə təhsil demək olar ki, məhv olmaq üzrədir.

Əslində, bura təhsil ocağı demək düzgün deyil. Yəqin İbad müəllim rəhbəri olduğu ali məktəbin nə ocağı olduğunu hamıdan yaxşı bilər. Tələbələrin ayrı-ayrı mətbuat orqanlarında dərc olunan şikayətlərindən isə bəlli olur ki, qış və yay imtahan sessiyaları rektorun «sezon»udur. Universitet rəhbəri kimliyindən asılı olmayaraq bütün müəllimlərə göstəriş verir ki, imtahan sessiyası dövründə heç bir tələbəyə təmənna olmadan qiymət yazmasınlar. Ağır vəziyyətlə burun-buruna qalan tələbələr başqa çarələri olmadığı üçün müəllimlərin istəyini qarşılayaraq imtahanlardan keçirlər. Artıq Bakı Biznes Universitetində, eləcə də digər orta ixtisas və ali təhsil müəssisələrində qış imtahan sessiyası başa çatıb. Tələbələr rahat nəfəs almağa başlamamış onlar üçün yeni çilə ortaya çıxıb. Dünən BBU-dakı tələbələrdən biri bizimlə əlaqə saxlayaraq başına gələn hadisədən danışdı: «Bacardığım qədər dərslərə gecikmirəm. Bilirəm ki, hansı dərsə bir saniyə gec girsəm, müəllimlər bu məsələni şişirdib rektor səviyyəsinə qədər qaldıracaqlar. Birinci gün dərsə getdim. Sinifə girəndə müəllim qayıtdı ki, get «kurtka»nı soyun gəl. Onun sözünə qulaq asaraq belə etdim. Sinifə qayıdanda bildirdi ki, artıq sənə qayıb yazılıb. Müəllimə dedim axı siz özünüz dediniz ki, get gödəkçəni çıxar. Cavabında bir qayıbın da yazıldığını dedi. Bu dəfə də ona söz deyəndə üçüncü qayıbı yazdığını dilə gətirdi. Və dedi ki, get 60 manat gətir qayıblarını silim. Belə çıxır ki, bir qayıbın qiyməti 20 manatdır. Axı heç bir günahım olmadan müəllim mənə niyə qayıb yazmalıdır? Belə bəsit üsullarla bizi özlərindən asılı vəziyyətə salmağa çalışırlar. Burda yüzlərlə tələbə təhsil alır. Onların yarısına bir gündə üç qayıb yazılsa, filan qədər pul edir. Sanki biznes qurublar. Müəllimlər tələbələri qayıbla qorxudur. Şikayətimizi bildirəndə isə söyləyirlər ki, dərdinizi rektora deyin. Bəzi müəllimlər heç nədən çəkinməyərək bir qayıbın qiymətinin 20 manata olmasını rektorun tapşırığı ilə əlaqələndirir».

Böyük ehtimalla rektor bu dəfə də barəsində səsləndirilən ittihamların əsassız olduğunu deyəcək. Amma bizim əlimizdə canlı şahid var ee, İbad müəllim. Lazımdırsa, o özü hər şeyi sizə açıqlaya bilər. Məsləhət görərdik ki, rektoru olduğunuz təhsil müəssisəsində işləri qaydaya salasınız. Yoxsa Elşad Abdullayevin başına gələnlər sizi də gözləyə bilər.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net