Paris teraktları Qərbi müsəlmanlar üçün necə dəyişdirə bilər?
Tarix: 17-11-2015, 10:55 |
Çap et
"Azadlıq" radisounun müxbiri Pete Baumgartner yazır ki, 129 nəfərin həyatına son qoymuş dəhşətli terror hücumları Avropada və Qərbdə siyasi və sosial məsələlərə ciddi təsir göstərə bilər.
ABŞ prezidenti Barak Obama noyabrın 13-də Parisin müdafiəsiz obyektlərinə edilən çoxsaylı hücumları “sivilizasiyalı dünya üzərinə hücum” adlandırıb.
Baumqartner yazır ki, bu basqınlar ümumilikdə antimühacirət qüvvələrini və müsəlmanlara qarşı düşmənçilik duyğularını gücləndirib.
Mühacirlərə əks-zərbə
Məqalədə deyilir ki, Paris hücumlarını həyata keçirənlərdən ən azı birinin Suriyadan gəlmiş qaçqın olması barədə xəbərlər bir sıra hökumətlərin immiqrasiyaya qarşı qətiyyətini artırıb.
Yunan və serb rəsmilər bildiriblər ki, Əhməd əl-Məhəmməd çox güman ki, qondarma addır və sözü gedən terrorçu bu addan istifadə edərək qaçqın axını ilə əvvəlcə Yunanıstana, oradan isə Balkan marşrutu ilə Fransaya gəlib.
İki qonşusu ilə öz arasında ülgüclü sərhəd məftilləri çəkmiş Macarıstanın baş naziri Viktor Orban noyabrın 16-da bəyan edib ki, qaçqınlarla birlıikdə Avropaya soxulmuş terrorçuların dəqiq sayını bilmək mümkün deyildir.
“Bir terrorçu belə artıq çox deməkdir” – deyib Orban.
O deyib ki, miqrantların yerləşdirilməsi üçün hər bir Avropa İttifaqı üzvünə kvotalar tətbiq edilməsi qanunsuzdur.
iPad-li qaçqınlar
Polşanın müdafiə naziri Witold Waszczykowski isə istehza ilə bildirib ki, Yunanıstana “bir əlində İpad-lə gəlib onu harda yükləməyin mümkün olduğunu soruşan on minlərlə Suriya gəncini Avropa İttifaqının köməyi ilə orduya çevirib öz ölkələrini azad etməyə göndərmək lazımdır”.
Bu bəyanatdan bircə gün əvvəl Polşanın Avropa məsələləri naziri Konrad Szymanski demişdi ki, qaçqınların Avropa ölkələri arasında bölüşdürülməsi siyasi baxımdan mümkün olan iş deyil.
Hərçənd Polşanın keçmiş hökuməti Suriyadan gəlmiş 7 mini qaçqını qəbul etməyə boyun olmuşdu.
Baumqartner yazır ki, Parisdə baş verənlər qaçqınlara qucaq açmağa çağıran Almaniya kansleri Angela Merkeli də pis vəziyyətdə qoyub.
Paris hücumları artıq indidən Amerikada davam edən seçki kampaniyasını təsirləndirməyə başlayıb.
Respublikaçıların prezidentliyə nazmizədi Jeb Bush deyib ki, ABŞ Suriyadan məhdud sayda, həm də yalnız xristian azlıqdan olan qaçqınları qəbul edə bilər.
Başqa bir respublikaçı namizəd Ted Cruz Obamanın minlərlə Suriya qaçqınını qəbul etmək planını “tam bir divanəlik” adlandırıb. O da Suriyadan yalnız xristianların qəbul edilməsinə tərəfdardır.
ABŞ-da indi hətta ayrı-ayrı ştatların qubernatorları belə qaçqınların gəlişinə qarşıdırlar.
Antimüsəlman duyğular artır
Baumqartner yazır ki, müsəlmanlara qarşı ksenofobiya təkcə hökumətlər yox, həm də əhali arasında güclənir. 2015-ci ilin nəticələrinə görə, Avropaya gələcək 1 milyon qaçqının əksəriyyətini müsəlmanlar təşkil edirlər.
Fransada ifrat sağçı lider Marine Le Pen televiziya ilə çıxışnda deyib ki, Fransa müsəlman təşkilatlarını qadağan etməli, “nifrət vaizlərini” və qanunsuz mühacirləri ölkədən qovmalı və ekstremist məsçidləri bağlamalıdır.
Təhlilçilər bildirirlər ki, Le Pen-nin son illərdə yüksələn populyarlığı, onun məhz müsəlmanlara qarşı sərt mövqeyinə görədir.
Hollandiyada da antimüsəlman duyğular gücləndikcə, Quranı Hitlerin “Mein Kampf” kitabına bənzətmiş ifrat sağ siyasətçi Geert Wilders-in populyarlığı raket sürətilə artır.Bəzi rəy sorğularına görə Hollandiyada bu gün seçki keçirilsəydi, Wilders-in Azadlıq Partiyası parlamentdəki mandatlarının sayını üç dəfə artıra bilərdi.
Almaniyanın antiislam PEGİDA hərəkatı bəyan edib ki, Paris hücumlarından sonra onu dəstəkləyənlərin sayı daha da artacaq.
Trump məscidləri bağlayacaq
Adətən müsəlamn əhaliyə rəğbətli münasibətilə fərqlənən Barack Obama belə müsəlman liderləri İslam ekstremizinə qarşı kifayət qədər mübarizə aparmamaqda günahlandırıb.
Amerika prezidentliyi yarışında respublikaçıların lideri olan Donald Trump bəyan edib ki, hakimiyyətə gələrsə, radikal imamları olan bütün məsçidləri bağlayacaq.
Baumgartnerin məqaləsində deyilir ki, Amerika siyasətçiləri ilə yanaşı adi amerikalıların da antimüsəlman duyğuları güclənir və bunu görmək üçün sosial şəbəkələrə nəzər yetirmək kifayətdir.
Bu arada Fransa təyyarələri Suriyadakı bombardman reydlərini intensivləşdiriblər. Lakin ABŞ prezidenti Barack Obama deyib ki, Vaşinqtonun Suriya münaqişəsinə münasibətdə siyasəti dəyişməyəcək və bu ölkəyə quru qoşunları göndərilməyəcək.
Buna baxmayaraq, bəzi müşahidəçilərin fikrincə, Paris basqınları Qərb ölkələrinin İŞİD-lə mübarizəyə münasibətini daha da sərtləşdirəcək. Bundan başqa İD-ə qarşı mübarizə Rusiya və Qərbi daha da yaxınlaşdıra bilər. Fransanın keçmiş prezidenti Nikolas Sarkozi deyib ki, Suriyada iki koalisiya ola bilməz.
Gündəlik həyatın təhlükəsizliyi
Prezident Hollande üç aylıq fövqəladə vəziyyət elan edib. Bundan başqa paytaxtın küçələrinə minlərlə əsgər yeridilib, ölkənin xarici sərhədləri bağlanıb.
Eyfel qülləsi və Luvr muzeyi kimi turist obyektləri qapadılıb.
Buna bənzər tədbirlər Avropanın başqa paytaxtlarında – Berlin, Roma və Londonda da həyata keçirilir.
Avropa sərhədlərində bütün pasportlar yoxlanır və bəzi təhlilçilər Şengen vizası zonasının ləğv olunacağından ehtiyat edirlər.
Sərhədsiz Avropada sərhəd dirəkləri yenidən ucalmağa başlayıb ("Azadlıq" radiosu).