Rusiya qırıcıları 51 İŞİD obyektini məhv edib
Tarix: 19-10-2015, 09:21 |
Çap et
Suriyada hökumətlə əməkdaşlıq çərçivəsində anti-terror əməliyyatları keçirən Rusiya hərbi qüvvələri son iki sutka ərzində İŞİD silahlılarına məxsus 51 obyekti məhv ediblər. ANS PRESS-in xəbərinə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi açıqlama verib. Nazirlik rəsmiləri əməliyyatlardan ikisinin kadrlarını yayımlayıblar. Məlumata görə, əməliyyatlar, əsasən, Latakiya, Hələb və Dəməşq vilayətlərində icra olunub.
“Hədəfə alınan obyekt yeraltı tunellərdən ibarət şəbəkəyə malik idi. Bu düşmənə şəhərin müxtəlif yerlərindən gizlicə çıxmağa və Suriya ordusuna qarşı manevr edərək müdafiə olunmaq üçün imkan yaradırdı. Bunkerlərdən birində iri həcmdə silah ehtiyatı, terror aktları törətmək, həmçinin, diversiya yaratmaq üçün partlayıcılar var idi.” - deyə Rusiya müdafiə nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib.
İki gün əvvəl aviareydlərdən biri nəticəsində “əl-Qaidə” qruplaşmasının baş komandirlərdən birinin öldürüldüyünə dair xəbərlər yayılmışdı. Lakin həmin əməliyyatların Rusiya və ya Amerika Birləşmiş Ştatları tərəfindən keçirildiyinə dair heç bir açıqlama verilməyib.
Ötən gün isə Pentaqon sözçüsü Piter Kuk Suriyada "əl-Qaidə" liderlərindən birinin koalisiya qüvvələri tərəfindən vurulduğunu bildirib.
Rusiya qırıcıları sentyabr ayının 30-undan Suriyada anti-terror əməliyyatlarına qoşulublar.