Böyük Britaniyanın Baş naziri Rişi Sunak Şimali Yorkşir qraflığındakı Kirbi-Siqston kəndindəki malikanəsinin ətrafına taxta hasar çəkdirməyə qərar verib.
APA-nın “The Mail on Sunday” qəzetinə istinadən verdiyi xəbərə görə, yerli bələdiyyəyə ünvanlanan müraciətdə bildirilib ki, hündürlüyü 1,2 m olan 50 metr uzunluğunda hasar malikanənin qarşısındakı açıq ərazini bağlamalı və “yaşayış sahələrinə müdaxilənin qarşısını alan maneə” rolunu oynamalıdır.
Rişi Sunak avqustda “Greenpeace” təbiəti mühafizə təşkilatının fəallarının Baş nazirin malikanəsinə daxil olması, bu zaman orada mühafizə və polisin olmaması fonunda belə bir qərar verib. Həmin vaxt bir neçə fəal dəyəri 2,4 milyon dollar olan malikanənin damına çıxıb və Şimal dənizində yeni neft-qaz yataqlarının işlənilməsinə icazə verilməsinə etiraz əlaməti olaraq binanın fasadını 200 kvadratmetrlik qara kətanla örtüblər. Həmin vaxt Baş nazir və ailəsi evdə olmayıb.