Rusiya hərbi gəmiləri Qara dənizdə dinc sakinləri təhdid edir: Mülki gəmilərə hədə-qorxu gəlir
Rusiya hərbi gəmiləri beynəlxalq hüququ pozur və Ukraynanın dəniz limanları yaxınlığından keçən mülki gəmiləri təhdid edir.
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat verib.
Dövlət Sərhəd Xidməti bununla bağlı video yayımlayıb. Videoda rusiyalıların Ukraynanın dəniz limanlarından birinin yaxınlığından keçən gəmi ilə açıq kanal vasitəsilə əlaqə saxlayaraq onları sorğu-sual etdiyi əks olunub.
Rusiyalılar əvvəlcə gəmidən onun hansı ölkəyə məxsus olduğu və hansı yükü daşıdığı ilə bağlı məlumat əldə etməyə çalışıblar.
“İnformasiya üçün deyirəm, sizə Ukrayna limanlarına hərəkətin qadağan olması ilə bağlı xəbərdarlıq edirəm. Hər hansı yükün gəmi ilə Ukraynaya daşınması Rusiya tərəfindən potensial hərbi yük daşınması kimi qiymətləndirilir. Gəminin bayrağı altında üzdüyü ölkə isə Ukraynadakı “münaqişə”yə cəlb olunmuş hesab edilir”, - deyə rusiyalılar bildiriblər.
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak rusiyalıların bu kimi təhdidlərinə reaksiya verib.
“Rusiya hərbi gəmiləri beynəlxalq dəniz hüququnun bütün normalarını pozaraq Qara dənizdə dinc sakinləri təhdid edir. Bunlar terrorçuların üsullarıdır. Terrorizmə qarşı təsirli vasitə isə gücdür”, - deyə o qeyd edib.
Yermak əlavə edib ki, beynəlxalq ictimaiyyət işğalçıların hərəkətlərini pisləməlidir. Bununla bağlı sistem mövqe ortaya qoymaq tələb olunur.
Mənbə: RBC-Ukrayna