46 üzv ölkə UNESCO-nun Rusiyada keçiriləcək sessiyasında iştirakdan imtina edib
Tarix: 8-04-2022, 17:02 | Çap et

UNESCO-ya üzv olan 46 ölkə Ümumdünya İrs Komitəsinin Rusiyanın sədrliyi ilə Kazanda keçiriləcək 45-ci sessiyasında iştirakdan imtina edib.

APA xəbər verir ki, bu barədə Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi məlumat yayıb.
1972-ci il Ümumdünya İrs Konvensiyasının tərəfləri olan ölkələr - Əfqanıstan, Albaniya, Andorra, Avstraliya, Avstriya, Kanada, Kolumbiya, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Ekvador, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Macarıstan, İslandiya, İrlandiya, Latviya, Litva, Lüksemburq, Malta, Moldova , Monako, Monteneqro, Hollandiya, Yeni Zelandiya, Nigeriya, Şimali Makedoniya, Norveç, Peru, Polşa, Portuqaliya, Koreya Respublikası, Rumıniya, Sent-Kits və Nevis, San-Marino, Slovakiya, Sloveniya, İspaniya, İsveç, Böyük Britaniya Birləşmiş Krallığı və Şimali İrlandiya, Ukrayna, Amerika Birləşmiş Ştatları - Rusiyanın Ukraynada beynəlxalq humanitar hüququ sistematik şəkildə pozması barədə açıq məktub imzalayıblar.

Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko bildirib ki, sivil dünya Ukrayna ilə həmrəylik nümayiş etdirir. "UNESCO Rusiyanın Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasına sədrlik etməsinə mane olmalıdır. Kilsələrimizə, muzeylərimizə, abidələrimizə, teatrlarımıza zərbələr endirən Rusiya Federasiyasının heç bir halda mədəniyyətin qayğısına qalan bir təşkilatın üzvü adlandırılmağa mənəvi haqqı yoxdur”.

Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi UNESCO-nun 45-ci sessiyasını Rusiyanın Kazan şəhərindən Ukraynanın Lvov şəhərinə köçürülməsinə və Rusiya Federasiyasının təşkilatdan çıxarılmasına çağırış edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net